Tanzaniya Prezidenti Con Maqufuli vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Samiyə Suluhu Həsən açıqlama verib.
“Cəsur liderimizi itirdik”, - Həsən dövlət televiziyasına verdiyi açıqlamada bildirib.
O, Maqufulinin ürək çatışmazlığı səbəbindən martın 6-dan bəri xəstəxanada müalicə olunduğunu söyləyib.
Ölkədə Maqufuli üçün 14 günlük matəm elan olunub.
61 yaşlı lider ötən ilin oktyabr ayında keçirilmiş seçkilərdə qalib gələrək ikinci dəfə prezident seçilib.
Tanzaniya müxalifəti dünən yaydığı bəyanatda təxminən iki həftədir ictimaiyyət qarşısına çıxmayan Maqufulinin koronavirusa yoluxduğu iddia edilib.
COVID-19-u ciddiyə almayan Tanzaniya lideri ölkədə pandemiyaya qarşı heç bir tədbir görməmişdi. O, virusa qarşı ən yaxşı mübarizənin meyvə-tərəvəz yemək olduğunu demişdi.
Maqufuli, eyni zamanda, koronavirus peyvəndlərinin təhlükəli olduğunu demiş, xalqı virusdan xilas olmaq üçün dua etməyə çağırmışdı.