Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Bərəkah” atom elektrik stansiyasının (AES) birinci korpusu kommersiya əməliyyatlarına başlayıb.
Teleqraf.com xəbər verir ki, “Nəvah” enerji şirkəti AES-in istehsal etdiyi elektrik enerjisinin ilk satışını həyata keçirib. Təxminən 1400 MWt gücündə olan korpusun fəaliyyəti BƏƏ-nin dayanıqlı və təmiz enerji təchizatı proqramının mühüm tərkib hissəsidir.
Stansiyanın operatoru olan “ENEC” şirkətinin rəisi Xaldun Xəlifə əl Mübarək jurnalistlərə bildirib ki, AES-in təhlükəsiz fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb. Onun sözlərinə görə, karbon qazı emissiyası olmayan enerji mənbələri ətraf mühitin mühafizəsi baxımından vacibdir.
“Bərəkah” AES-in ilk korpusunun təhlükəsizliyi beynəlxalq ekspertlər tərəfindən də yoxlanılıb. Belə ki, istismara verilməzdən əvvəl 312 yoxlama aparılıb və bu müəssisədə nüvə reaktorlarının fəaliyyətinə 60 illik təminat verilib. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi və Ümumdünya Nüvə Operatorları Assosiasiyasının mütəxəssisləri tərəfindən 42 dəfə qiymətləndirmə həyata keçirilib.
BƏƏ-nin Əl Dhafra bölgəsində yerləşən AES dünyanın ən böyük stansiyalarından biridir. Onun tikintisinə 2012-ci ildə başlanılıb və ikinci korpusun da bu ilin sonunda istismara veriləcəyi nəzərdə tutulur. AES-in 3-cü və 4-cü korpuslarında isə işlərin 94 faizi görülüb.