Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Co Bayden arasındakı söhbətdən sonra ABŞ-ın Moskvadakı səfiri Con Sullivan Kremlə dəvət edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti”-yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Amerikalı diplomat Rusiya liderinin köməkçisi Yuri Uşakovla görüşüb.
“Söhbət əsnasında deyilib ki, Amerika tərəfi Baydenin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətləri barədə dediklərindən sonra sanksiya şəklində yeni dost olmayan addımlar atarsa, Rusiya tərəfi buna ən qəti şəkildə reaksiya verəcək”, - mənbə yazıb.
Qeyd edək ki, dünən Bayden Putinə zəng edərək yaxın aylarda üçüncü ölkədə görüş keçirməyi təklif edib. Amerika lideri hələ də Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər quracağına ümid etdiyini deyib. Kremlin verdiyi məlumata görə, söhbətdə strateji təhlükəsizlik, silahlara nəzarət, Əfqanıstandakı vəziyyət və qlobal iqlim dəyişikliyi məsələlərinə də toxunulub.