10 May 2021 19:49
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı teleaparıcı Kseniya Sobçak 9 May Qələbə Günü münasibətilə müzakirəyə səbəb olan açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Sobçak 9 Mayı “vacib tarix” adlandırıb, amma Rusiyada Qələbə Gününün qeyd edilməsinin onun üçün qəribə göründüyünü deyib.

Jurnalist bunu həmin gün Moskvada silahların nümayiş etdirilməsi ilə əlaqələndirib.

Sobçak İsrailin apreldə Fəlakət Gününü qeyd etmə ənənəsini nümunə göstərib:

“Ölkənin sakinləri bu hadisələr zamanı nasizmin qurbanı olmuş yəhudiləri xatırlayırlar. Səhər saat 10-da ölkənin hər yerində siqnal səslənir və şəhərlərdə həyat dayanır. Yollar, küçələr sakitliyə qovuşur, qatarlar yavaşlayır. İnsanlar küçələrə çıxır və iki dəqiqə sükut içində dayanırlar. Bu, xatirəyə və kədərə hörmətdir”.

Sobçak Rusiyada da İkinci Dünya Müharibəsində həlak olmuş insanların xatirəsini sükutla yad edilməli olduğunu bildirib: “Bilmirəm, bəlkə də buna bənzər bir şey paradı əvəz edə bilər, bir həll təklifim yoxdur. Amma mənəvi cəhətdən mən belə bir sükut istərdim - bu dəhşətli müharibədə ölənlərin şərəfinə”.

Qeyd edək ki, dünən Moskvada 9 May Qələbə Günü münasibətilə hərbi parad keçirilib. Rusiya Prezidenti Vladimir Putin paradda iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu