Rusiya Prezidenti Vladimir Putin Leninqrad vilayətinin Böyük Qatçina Sarayının Arsenal meydanının həyətində Rusiya imperiyasının imperatoru III Aleksandrın abidəsinin açılışını edib.
Teleqraf.com xəbər verir ki, Putinin sözlərinə görə, III Aleksandrın adı Trans-Sibir magistralının inşası kimi “möhtəşəm ideya” sayəsində Rusiya tarixinə əbədi düşüb.
“O, Rusiyanı sevdi, yaşatdı, mütərəqqi və inamlı inkişafı, Rusiya dövlətinin maraqlarını qorumaq, onu Avropada və dünyada gücləndirmək üçün hər şeyi etməyə çalışdı” – deyə Putin bildirib.
V.Putin Rusiyanın tarixi, mədəni və mənəvi irsinin və xalqı birləşdirən dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: “Buna görə də yeni müasir təhsil layihələrinə başlayacağıq, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət ayıracağıq”.
Putin III Aleksandrın abidəsinin icrasını da yüksək qiymətləndirib və əsərə görə onun yaradıcılarına təşəkkür edib. “Super! Qaya! İnsan öz əməllərinə və xarakterinə görə bir qayadır. Super! Əla! Müəllifləri təbrik edirəm, rəssamları təbrik edirəm” – Putin deyib.
Qeyd edək ki, Rusiya imperiyasının imperatoru III Aleksandr, imperatriçə Mariya Fyodorovna və onların uşaqları Nikolay və Georgi 8-9 oktyabr (yeni tarixlə 20-21 oktyabr) 1888-ci ildə Bakıya səfər ediblər. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə gəlişi olub.
Çar Bakıya Tiflisdən xüsusi qatarla gəlib. Şəhərdə görüşlər keçirən imperator burdan Kutaisiyə yollanıb.
III Aleksandr 1881-1894-cü illərdə Rusiya tax-tacının sahibi olub. Onun hakimiyyəti illərində Rusiya heç bir dövlətlə müharibə etməyib. Buna görə də III Aleksandr həm də “Aleksandr mirotvorets” ("Sülhpərvər Aleksandr") adı ilə məşhurdur.