Türkiyənin Baş naziri Əhməd Davudoğlu Hələbin İŞİD tərəfindən işğal olunacağı təqdirdə böyük qaçqın ordusu ilə qarşı-qarşıya qalacaqlarını deyib.
Axar.az xəbər verir ki, etibarlı bölgə yaradılmasının tərəfdarı olduğunu deyən Davudoğlu Suriya ilə bağlı narahatlığını gizlətməyib:
“Suriya xalqı üç il yarımdır ki, şərəfli mübarizə aparır. Hələbin işğal olunması bizi çox narahat edir. Türkiyə böyük qaçqın ordusu ilə qarşılaşa bilər”.
Xatırladaq ki, Suriyanın şimal-şərqində yerləşən və Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali sayına görə ən böyük şəhəridir. Ümumi ərazisi 16 min kv.km olan Hələbdə 4 milyon 393 min əhali yaşayır.