Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə kempalan.com saytında “Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklopediyası” adlı məqalə yayımlanıb.
Teleqraf.com xəbər verir ki, İndoneziya dilində dərc olunan məqalənin müəllifləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və jurnalist Əli Zülfüqaroğludur.
Məqalənin giriş hissəsində qeyd olunur ki, bəşəri dəyərləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığına dünya ədəbiyyatında çoxsaylı müraciətlər olsa da, dahi şairin yaradıcılığı dünyada daha geniş formada təbliğ edilməlidir. Vurğulanır ki, Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Bildirilir ki, Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Onore de Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.
Yazıda böyük mütəfəkkirin həyatı, yaşadığı dövr və yaradıcılığı barədə indoneziyalı oxuculara ətraflı məlumat verilir. Xatırladılır ki, Nizami Gəncəvi dünya ədəbiyyatına beş poemadan ibarət məsnəvi formasında yazılmış “Xəmsə”si ilə daxil olub: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”.
Nizami Gəncəvinin irsində bəşəri ideyaların öz əksini tapmasına, böyük şairin insanları alicənablığa, ləyaqətə səsləməsinə xüsusi diqqət yetirilir. Nizaminin Şərq ədəbiyyatında qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir etməsi diqqətə çatdırılır.
Məqalədə Nizami Gəncəvi yaradıcılığı barədə həm azərbaycanlı, həm də əcnəbi araşdırmaçıların fikirlərinə geniş yer verilir. Dünyanın bir çox tanınmış alimlərinin, şair və mütəfəkkirlərinin Nizami yaradıcılığına dəfələrlə müraciət etdiyi faktlarla qeyd edilir. Bildirilir ki, Nizaminin əlyazmalarına Paris kitabxanasında, Vyana Milli kitabxanasında, Oksford Qodlian kitabxanasında, Kembricdə, Britaniya muzeyində, Nyu-Yorkdakı Metropoliten muzeyində, Münhen, Dehli, Dublin, Qahirə, Kopenhagen və digər məşhur muzeylərdə rast gəlmək olar.
Nizami Gəncəvinin əsərləri ingilis, alman, fransız, italyan, ispan, yapon və digər dünya dillərinə tərcümə edilib.
Tanınmış azərbaycanlı yazıçı Elçindən sitat gətirilərək qeyd edilir ki, Nizami Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiyanın tarixindəki o nadir simalardan biridir ki, onun yaradıcılığına verilən qiymət və ona bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır, bu böyük şair üçün zaman çərçivəsi də mövcud deyil və bu gün onun yazıb-yaratdığı dövrdən keçən 850 il - zaman baxımından onun daimiliyinin yalnız bir epizodudur.
Vurğulanır ki, Nizami Gəncəvi hər hansı ictimai-siyasi formasiya təzahürlərinin və maraqlarının fövqündədir. Bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər ona münasibətdə və onun qiymətləndirilməsində heç bir rol oynamır, çünki Nizami yaradıcılığı öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və əhəmiyyətinə görə yüz illərlə bundan əvvəl necə müasir və aktual idisə, bu gün də elədir.