Taliban Loqar əyalətini tam nəzarətə götürüb və paytaxt Kabulla ara məsafəsini 80 kilometrə qədər azaldıb. Bəlx vilayətinin sözçüsü Münir Əhməd Fərhad isə taliblərin Məzari-Şərif şəhərinə bir neçə fərqli istiqamətdən hücuma keçdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu gəlişmələrdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani bəyanatla çıxış edib.
O, ölkənin yeni müharibə ilə üz-üzə qaldığını deyib. Əfqanıstanın müdafiə, təhlükəsizlik və xalq qüvvələrinin ölkə torpaqlarını müdafiə etmək üçün böyük mübarizə apardığını söyləyən Qani buna görə hər kəsə təşəkkür edib:
“Prezident olaraq vətəni müdafiə etməyə davam edəcəyəm. Bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarımız və siyasi liderlərlə danışıqlar aparırıq”.
Belə bir vəziyyətdə Əfqanıstan qüvvələrinin vahid mövqedə dayanmasını prioritet sayan Əşrəf Qani ciddi müzakirə və araşdırmaların aparıldığını vurğulayıb: “Həm daxildə, həm də xaricdə bu məsələdə məsləhətləşmələrimizə davam edirik. Danışıqların nəticələri ən qısa vaxtda xalqa açıqlayacağam”.