Ukraynanın şərqində Luqansk və Donetsk vilayətlərinin bir hissəsini ələ keçirmiş separatçı qüvvələr rəsmi Kiyevə qarşı növbəti təxribat hazırlayır.
Məqsəd separatçıların nəzarətində olan ərazilərdə gərginliyi daha da artırmaq və Rusiya qoşunlarının “sülhməramlı qüvvələr” adı altında bölgəyə daxil olmasına zəmin yaratmaqdır.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq açıqlama ilə Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Analitik İnformasiya Mərkəzinin sözçüsü Andrey Lısenko çıxış edib.
O, bildirib ki, separatçıların rus qoşunlarının Ukraynanın şərqinə daxil olması məqsədi ilə Donbasda kütləvi təxribatlar, terror aktları törətməsi heç də istisna edilmir.
Lısenkonun sözlərinə görə, antiterror əməliyyatları zonasında vəziyyət mürəkkəb olaraq qalır: “Sutka ərzində qarşı tərəfdə silahlı qruplaşmaların və texnikanın operativ yerdəyişməsi müşahidə edilib. Separatçılar hər an müxtəlif hücumlar, həmlələr təşkil edə və məsuliyyəti Ukrayna silahlı qüvvələrinin üzərinə yıxmağa çalışa bilərlər”.
Nail Cəlil