Məlumdur ki, ruslar bir çox millətdən fərqli olaraq ayılara xüsusi rəğbət bəsləyir, ölkədə bir çox insan onun “ayı” adlandırılmasını fəxarətlə qarşılayır. Üstəlik, “Rus ayısı” ifadəsi dünyanın diplomatik jarqonlarında Rusiyanın siyasətinə dair tez-tez istifadə olunur.
Bəs rusların ayıya olan bu rəğbəti və ayının ruslarla bu qədər eyniləşdirilməsi haradan qaynaqlanır?
Rusiya ərazilərinin böyük hissəsinin meşəliklərdən ibarət olması rus mədəniyyəti, insanların qidalanması, insanlar arasındakı münasibətlər, mifologiya, əfsanələr və bədii ədəbiyyatın formalaşmasında böyük önəmə malik olub. Bu bölgələrdə ayıların bolluğu da rus mədəniyyətinə öz təsirini göstərib. Təsadüfi deyil ki, dünyadakı 200 min boz ayıdan 120 mini Rusiyada yaşayır.
Adəm və Həvvanın övladı
Qədim rus əfsanəsinə görə, ayı Adəmlə Həvvanın övladıdır, onu tək yaşaması üçün meşədə qoyublar. Bu mifologiyaya görə, əvvəlcə insan olub, sonra çoxalmaqla ayıya çevriliblər. Bu səbəbdən insanlar ayıya adi bir heyvan kimi yox, öz qardaşı kimi baxmalıdır.
Bu əfsanələr ayını rusların zehnində nəinki insanın qardaşına çevirdi, həm də rusları ayı ilə eyniləşdirdi. Eyni zamanda, ruslar cənubunda yaşayan xalqlardan fərqli olaraq, soyuq və meşəlik coğrafiyada yaşamaq uğrunda mübarizə aparırlar. Ruslara görə, digər insanlar, cənublular isti iqlimlərdə və məhsuldar torpaqlarda rahat yaşayırlar, özləri də ayılar kimi soyuq rus meşələrində yaşamağa çalışırlar.
Güclünün haqlı olması
Rus əfsanələrində ayının gücünə görə qalib gəldiyi və qalib olduğu üçün də haqlı olduğu deyilir. Yenə də bu əfsanələrə görə, ayının kobud gücə sahib olmasına baxmayaraq, buna dözmək lazımdır və əslində insanlardan daha xeyirxahdırlar.
Rusların tarix boyu yaşadıqları çətin coğrafiya və kobud siyasi mədəniyyətdə güclülərin haqlı olduğu, gücün ən böyük dəyər olduğu, kobudluğun əhəmiyyətsiz qüsur olduğu inancına söykəndikləri və bunu inkişaf etdirdikləri görünür. Beləliklə, ruslar özlərini bu xüsusiyyətlərə malik ayılarla eyniləşdirdilər. Coğrafi və sosioloji səbəblərdən ortaya çıxan bu inanc rus folklorunda da öz əksini tapıb və ayı rus mədəniyyətində müsbət personaj kimi yer tutub.
“Rus ayısı”nın siyasiləşməsi
Qədim rus mədəniyyətində böyük önəmə malik olan ayı obrazı XVI əsrdə Rusiyanın çar rejimi tərəfindən rəsmiləşdirilib. Qəddarlığı, işgəncə və qırğınları ilə məşhur olan, 1533-1584-cü illərdə Rusiya taxtında oturan “Qorxunc İvan” ləqəbli Çar IV İvan ayını çarlığın fiquruna çevirdi. Beləliklə, dövlətinin güclü olduğu mesajını vermək istədi.
Diplomatiyada “Rus ayısı”
Ayı fiqurunun Rusiyada rəsmiləşdirilməsi ilə ayı anlayışının ruslar tərəfindən müsbət mənada istifadə edildiyi məlum oldu. XVIII əsrdə Rusiya böyük irəliləyiş əldə etdi. 1768-1774 Osmanlı-Rusiya müharibəsində türklərin Krımı itirməsi ilə ruslar böyük üstünlük qazandılar. Artıq Rusiya İngiltərə və Fransadan sonra dünyanın ən güclü dövləti sayılırdı.
Bu dövrdə Rusiyanın sürətlə artan gücü, intensiv olaraq gücdən istifadə etməsi və işğalı altında olan bölgələrdə qırğınlar və dağıntıların çox olması səbəbindən Qərb diplomatiyasında Rus Çarlığı qeyri-rəsmi şəkildə “Rus ayısı” adlandırılmağa başladı. Rusların həm folklorda, həm də məişətdə XVI əsrdən etibarən özlərini ayı ilə eyniləşdirmələri də bunda böyük rol oynayıb.
Ruslar ayı bənzətməsinə müsbət məna verdikləri üçün onları belə adlandırmaqdan narahat olmadılar. Əksinə, bunun düşmənlərini qorxudacağını düşündükləri üçün “Rus ayısı” ifadəsini diplomatiyada yaymağı faydalı hesab etdilər.
Həminki ayı
1917-ci ildə Rusiyada çarizmin süqutu ilə ayı siyasi simvol olmaqdan çıxdı. Amma yeni qurulan kommunist rejimi çarizmə bənzər səbəblərə görə “Rus ayısı” adlandırılmağa davam etdi. Rusiyanın yeni rejimi də bu istifadədən narahat olmadı. 1991-ci ildə rejim dəyişikliyinə baxmayaraq, oxşar səbəblərdən Rusiya yenə də “Rus ayısı” adlandırıldı. Xüsusən Rusiyanın Vladimir Putinin hakimiyyətə gəldiyi 2000-ci illərdən etibarən güclənməsi ilə “Rus ayısı” diplomatiyada yenidən özünə yer tapdı. Çünki Rusiyanın yeni rejimi də əvvəlkilərdən heç nəyi ilə fərqlənmirdi...