Gürcüstan Baş naziri İrakli Qaribaşvili qiyabi həbs qərarı olan eks-prezident Mixail Saakaşvilinin oktyabrın 2-də Tiflisə qayıtmaq qərarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir sabiq prezidentin gələn kimi dərhal həbs olunacağını deyib.
“Cavab sadədir, Saakaşvili ölkə ərazisinə daxil olan kimi, ayaq basan kimi dərhal tutularaq həbsxanaya göndəriləcək”, - Qaribaşvili qeyd edib.
O, Saakaşvilinin məqsədinin illər sonra Gürcüstanda qeyri-sabitlik, qarışıqlıq və xaos yaratmaq olduğunu iddia edib.
Qaribaşvili keçmiş prezidentin səkkiz ildir ədalətdən qorxduğunu və ölkəsinə qayıda bilmədiyini bildirib.
Saakaşvilinin Gürcüstanda müxtəlif cinayətlərə görə mühakimə olunduğunu xatırladan Qaribaşvili əlavə edib: “Heç kim bu torpaqlarda qanunun tətbiqinə qarşı çıxa və ya mane ola bilməz və əleyhinə olanlar da həbsxanaya gedir”.
Mixail Saakaşvili dünən Feysbuk səhifəsində təyyarə biletini paylaşaraq, oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana qayıdacağını açıqlayıb.
O, seçki günü səs verdikdən sonra xalqı meydanlara çağırıbn:
“Dediyim kimi, sizin iradənizi müdafiə etmək və Gürcüstanın azad edilməsində iştirak etmək, oktyabrın 2-də axşam Tiflisdə sizinlə birlikdə olmaq üçün bilet almışam”.