29 Oktyabr 2021 13:30
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden arasında gözlənilən ikinci təkbətək görüş noyabrın 2-də Qlazqoda keçiriləcək. İki lider Suriya məsələsi, xüsusilə “F-35” gərginliyi, Şərqi Aralıq dənizindəki son vəziyyət, Əfqanıstanın gələcəyi, terrorizmlə mübarizə, iqtisadi, hərbi və siyasi əlaqələri müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Ərdoğan görüşdə Türkiyənin “F-35”-lər üçün ABŞ-a etdiyi 1.4 milyard dollarlıq ödənişi gündəmə gətirəcək. Türkiyə liderinin həmsöhbətinə beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini xatırlatması gözlənilir. Liderlər bu mövzuda Müdafiə Nazirliyi və Pentaqon arasında bir müddətdir davam edən texniki danışıqların detallarını müzakirə edəcəklər. İki liderin qeyd olunan məsələlərə uyğun “yol xəritəsi”ni razılaşdırılacağı gözlənilir.

Ərdoğanın Baydenə Türkiyənin “F-35” proqramına qayıtması, istehsal xəttindən çıxarılaraq sınaqdan keçirilən 6 ədəd “F-35”-in Ankaraya təhvil verilməsi və bu qırıcılar üçün ödənilmiş 1.4 milyard dolların geri qaytarılması və ya yeni “F-16”-ların alınması kimi üç variant təklif edəcəyi bildirilib.

ABŞ-ın ilk iki təklifə müsbət yanaşmadığı məlumdur. Buna görə də liderlər ABŞ-a ödənilmiş pulun necə geri qaytarılacağı məsələsi müzakirə olunacaq. Bununla bağlı Türkiyənin alternativ təklifləri - əvəzinə “F-16”-ların satılması Müdafiə Nazirliyi vasitəsilə ABŞ-a çatdırılıb.

Türk nəşri bildirib ki, görüşdə nəticə olmasa, Türkiyə Rusiyaya üz tutacaq.

Dünən Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ bu problemi həll etməsə, Rusiya istehsalı olan “Su-35” və “Su-57” də daxil olmaqla, başqa variantlar nəzərdən keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu