Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu yaxınlarda, daha dəqiq desək, iyunun 28-də ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərindən danışarkən Rusiya ilə Çin arasında qarşılıqlı ərazi iddialarının olmamasının vacibliyini qeyd etmişdi. Həmin gün ÇXR-in sədri Si Cinpinlə videobağlantı zamanı Rusiya lideri bildirib ki, 20 il əvvəl Moskvada imzalanmış “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilə” Rusiya-Çin münasibətlərinin hazırkı vəziyyətini böyük ölçüdə müəyyən edib. Rusiya Prezidenti qeyd edib ki, Moskva və Pekin münasibətləri görünməmiş yüksəkliyə çatdırıb.
“Qarşılıqlı ərazi iddialarının olmaması və iki ölkənin ümumi sərhədini əbədi sülh və dostluq qurşağına çevirmək əzminin qeydə alınması vacibdir. Biz bunun üçün çox şey etdik, o cümlədən sərhəd üzrə işlədik, illərlə işlədik - biz və bizim komanda - və lazım olan nəticəyə, həm Çin, həm də Rusiya üçün məqbul olan nəticəyə çatdıq”, - deyə Rusiya Prezidenti bildirmişdi.
Düzdür, Rusiya-Çin münasibətləri hazırda həqiqətən də ən yüksək səviyyədədir. İki ölkənin ticarət dövriyyəsinin həcmi 2019-cu ildə yüksələrək ən yüksək nöqtəyə - 111 milyard dollara çatıb. Həmçinin, V.Putin ötən il Rusiya və Çinin hərbi ittifaq yaratmasının mümükünlüyünü istisna etməyib. Düzdür, V.Putin həmin vaxt iki ölkənin buna ehtiyacının olmadığını bildirmişdi. Ancaq ABŞ, Böyük Britaniya və Avstraliyanın bu ilin yayında AUKUS adlanan və əsasən Çinə yönələn hərbi ittifaq yaratmasının ardınca Moskva və Pekinin də belə bir addım atması zərurətə çevrilə bilər.
Teleqraf.com bildirir ki, münasibətlərin yüksək səviyyəsinə baxmayaraq Rusiya və Çin arasında həll olunmamış bir problem hələ də qalmaqdadır. Hər iki tərəf öz iddiasını əsaslandıran dəlillər təqdim edir və görünən odur ki, tərəflər öz iddiasından bir addım da geri durmaq niyyətində deyillər. Bu, Asiyanın mərkəzinin hara olması ilə bağlı mübahisədir.
Rusiya Avropa sivilizasiyasına aid edilsə də, onun ərazisinin çox böyük hissəsi Asiyada yerləşir və bu səbəbdən Rusiya Avrasiya ölkəsi hesab olunur. Çin isə özünü Asiyada hegemon dövlət sayır. Pekin son illərdə iqtisadi, siyasi və hərbi cəhətdən xeyli güclənib və dünyanın bütün nöqtələrinə açılımlar edir. Belədə Asiyanın qəlbinin harada yerləşməsi kimi həssas məsələ üstündə mübahisə iki ölkə arasında mövcudluğunu hələ xeyli qoruyub saxlayacaq. Ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi heç bir tərəf öz iddiasından geri çəkilənə oxşamır. Bu da taleyin ironiyasıdır ki, Ruisya və Çin arasındakə bu mübahisə RF-in müdafiə naziri, əsli-kökü türk olan Sergey Kujuqet oğlu Şoyqunun doğulduğu Tuva Respublikası və onun paytaxtı Qızıl şəhəri ilə bağlı yaşanır. O Qızıl şəhəri ki, S.Şoyqu 2015-ci ilin mayında ilk dəfə burada təntənəli mərasimlə "Tuva Respublikasının fəxri vətəndaşı" layiq görülüb.
“Tuva Respublikasının fəxri vətəndaşı” adı ilk olaraq S.Şoyquya verilir. Qızıl şəhəri, may 2015-ci il
Əgər biz xəritədə Asiyanın coğrafi mərkəzini tapmağa çalışsaq, o zaman onun Tuva Respublikasının paytaxtı Qızıl şəhəri olduğunu görmək olar. Keçmiş SSRİ vətəndaşları hər bir halda buna əmin idilər, indi isə bu əminlik rusiyalılardadır. Çinlilər isə bu iddia ilə razılaşmırlar və əmindirlər ki, əslində Asiyanın coğrafi mərkəzi Sincan-Uyğur əyalətində – Urumçidən çox da uzaq olmayan yerdə yerləşir.
Beləliklə, dünyanın Asiya kimi nəhəng hissəsinin coğrafi mərkəzinin harada olduğu ilə bağlı mübahisələr sonsuzluğa qədər uzana bilər. Çünki mübahisə edən tərəflər bu nöqtənin məhz onların ərazisində olmasını təmin etmək üçün mümkün olan hər şeyi edirlər.
Qızıldakı “Asiyanın mərkəzi” obeliski
Qızıl şəhəri Moskvadan təxminən 3700 km şərqdə, Rusiyanın Tuva Respublikasında Böyük Yenisey (Biy-Xem) və Kiçik Yenisey (Kaa-Xem) çaylarının qovuşduğu yerdə yerləşir. Şöhrətinə baxmayaraq Qızıla çatmaq olduqca çətindir. Bura Moskvadan birbaşa aviareyslər və Transsibir dəmiryolu ilə əlaqə yoxdur. Ən yaxın böyük şəhər 400 kilometrlik məsafədədir.
Tuvada Asiyanın mərkəzini təyin edən monument. 20 noyabr 2014-cü il
“Asiyanın mərkəzi” obeliski-Asiya Xatirə Mərkəzi şəhərin cənubundakı Tos-Bulak rayonunda, Böyük və Kiçik Yeniseyin qovuşduğu yerdən bir qədər aşağıda yerləşir.
Qızıldakı abidənin əvvəlki versiyası. 2001-ci il.
Burada ilk xatirə lövhəsi 1964-cü ildə qoyulub, 2014-cü ildə isə Tuvanın Rusiyaya birləşməsinin 100 illiyi münasibətilə bu yerdə yeni obelisk inşa olunub. Yeni obelisk Yür kürəsini saxlayan üç şirdən ibarət heykəltəraşlıq kompozisiyasıdır. Obelisk şpillə (damın güclü uzanmış yuxarı konus və ya piramida şəklində ucu) taclandırılıb.
“Çar ovu” heykəltəraşlıq ansamblı
Həmçinin, 2014-cü ildə Tuva və Rusiyanın birləşməsinin 100 illiyi şərəfinə Qızılda obeliskin yanında “Çar ovu” adlı heykəltəraşlıq ansamblı açılıb.
Bəs xəritədəki hansı nöqtə düzgündür?
Digər coğrafi mərkəz 700 km cənubda, Urumçidən təxminən 30 km uzaqlıqda yerləşən adlı Çinin Yunqfen (Yongfeng) şəhərindədir. 1992-ci ildə bu yerdə dünyanın dörd tərəfinə yönəlmiş dörd polad sütun üzərində 18 metrlik qüllə şəklində möhtəşəm abidə ucaldılıb. Bu abidə hər tərəfdən “Asiya” sözünü ifadə edən “A” hərfinə bənzəyir. Bu qüllənin yuxarı hissəsində stilizə edilmiş qlobus var, oradan coğrafi mərkəzi göstərən ürək formalı çəkisi olan kəfkir asılır.
Çindəki Asiyanın coğrafi mərkəzi.
Abidənin tikintisi başa çatmazdan əvvəl Çindəki bu yer “Asiyanın coğrafi mərkəzi” yazısı olan sadə taxta dirəklə qeyd edilmişdi.
Çinlilər əmindirlər: Asiyanın coğrafi mərkəzi onların ərazisində yerləşir
Abidəni inşa etmək üçün əvvəllər bu ərazidə yerləşən kənd bir kilometr kənara köçürülüb. Yeni kənd hal-hazırda “Asiyanın qəlbi” kimi tanınır.
Yunqfendəki “Asiyanın coğrafi mərkəzi” monumenti