“Amerika və Türkiyə arasında problemlər həddən artıq çoxdur. Əslində indi Türkiyə əla bir nöqtə taparaq ortada durur. Onun sol tərəfində Rusiya, sağ tərəfində Amerikadır. Solda onunla razılaşmayanda sağa meyl edir, sağda onunla hesablaşmayanda solla danışıqlar aparır. Ankara faktiki olaraq Rusiya və Amerika arasında manevrlər edərək maraqlarını qoruyur. Əlbəttə, mən Avropa Birliyini nəzərdə tutmuram, çünki bu qurum nisbətən kiçik olan qüvvədir. Türkiyə bu iki qüvvə arasında maraqlı oyun aparır”.
Bu sözləri Teleqraf.com-a politoloq Əli Abbasov Romada baş tutan Ərdoğan-Bayden görüşü haqqında danışarkən bildirib.
Əli Abbasov Türkiyənin iki güclü qüvvə arasında oyun qurmasını müsbət konfiqurasiya hesab edir, eyni zamanda bildirir ki, burada Türkiyənin zəifləməsinə yalnız maliyyə problemləri səbəb ola bilər:
“Türkiyənin maliyyə problemi böyükdür. Demək olar ki, hər ay türk lirəsinin qiyməti düşür. Bu məncə, yaxşı əlamət deyil. Amma bütün hallarda Ankara çox maraqlı oyun qurub”.
Əli Abbasov əlavə edib ki, belə konfiqurasiya ruslara və amerikalılara da sərf edir, çünki onların özləri də manevr edə bilirlər:
“Məsələn, ABŞ Avropa siyasətinin dəyişməsini istəyir. Ruslarda müəyyən niyyətləri var və bunu həyata keçirməyə çalışırlar. Bir sözlə, gərginlik davam edəcək. Maraqlıdır, biz daima deyirik ki, yaxın dövrdə yeni dünya düzəni formalaşacaq, yeni brliklər, ittifaqlar, konfiqurasiyalar ortaya çıxacaq. Normal qanunlar yaranacaq. Amma biz görürük ki, dünyada durum getdikcə pisləşir, sanki xaos əsas siyasi proses kimi özünü büruzə verir. Bu baxımdan xaosun nəticəsinin necə olacağı maraqlıdır. Bu, müharibəyə gətirib çıxaracaq, yoxsa yeni yol tapılacaq, əsas məsələ budur”.
Professor qeyd edib ki, əslində G-20-nin Romada görüşü keçirilsə də, bu effktiv olmayıb: “Orada böyük problemlər var. Hamı başa düşür ki, bu vəziyyətdə-bir tərəfdən enerji böhranıdır, digər tərəfdən də yaşıl enerji deyilsə də, nəticəsi olmur”.