“Türkiyə və Qərb arasında heç bir qarşıdurma görmürəm. Fikrimcə, bu işlə məşğul olanların çoxu əslində tərəflərin verdiyi açıqlama və ya reaksiyalara baxırlar. Mən isə daha çox qərb ölkələri ilə Türkiyə arasındakı ticarət münasibətlərinə baxıram. Ticarət münasibətləri də kifayət qədər yüksəkdir və qarşıdurmanı dəstəkləmir”.
Bunu Teleqraf.com-a “Turan” agentliyinin direktoru, analitik Mehman Əliyev deyib.
Qərb və Türkiyə arasında qlobal qarşıdurmanın olmasına dair fikirləri rədd edən analitik xatırladıb ki, Türkiyə NATO hərbi ittifaqının ən güclü ölkələrindən hesab olunur, üstəlik son illər ticarət əlaqələri genişlənib.
Pandemiyanın Qərb və Türkiyə ticarət əlaqələrinə kifayət qədər ziyan vurduğunu deyən Mehman Əliyev qeyd edib ki, COVID-la əlaqədar olaraq insanların alıcılıq qabiliyyəti, ölkələr arasında ticari əlaqələr zəifləyib: “Üstəlik turizm imkanları da azalıb. Belə hallar var və bunlar obyektiv xarakterlidir. Bu da sözsüz ki, vəziyyətə təsir edir. Amma bu münasibətlər təqdim edildiyi kimi də deyil”.
Mehman Əliyev bildirib ki, bütövlükdə Türkiyə və qərb ölkələri arasında müəyyən məsələlərə dair fikir fərqliliyi də olsa da, bu, düşmənçilik mövqeyi deyil:
“Yəni konfrantasiya yanaşması yoxdur. Diqqət etsəniz görərsiniz ki, Qərblə Rusiya və ya Lukaşenko arasında kəskin qarşıdurmalar baş verir. Amma Türkiyəyə münasibətdə belə hallar yoxdur. Odur ki, mən belə bir qarşıdurmanın olması haqda fikirləri qəbul etmirəm”.