“Rusiyanın döyüşkən ritorikasından narahat olduğumuzu açıq şəkildə çatdırmışıq”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsi ilə bağlı suala cavab verərkən deyib.
ABŞ Dövlət katibi Entoni Blinkenin “Rusiya Ukraynaya qarşı münaqişə yolu ilə getsə, bunun ağır əvəzini ödəyəcək” açıqlamasından sonra Rusiyaya qarşı sanksiyaların olub-olmayacağı sualına cavab olaraq Psaki bunu həm Moskva, həm də Kiyevlə müzakirə etdiklərini bildirib.
“Biz əvvəldən demişdik ki, iqtisadi və digər alətlərimizi Rusiyanın zərərli davranışlarına qarşı istifadə edəcəyik. Cənab Blinken də bu vasitələrdən istifadə etməkdən tərəddüd etməyəcəyimizi bildirdi. Amma bu vasitələrdən istifadə etsək, tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə hərəkət edəcəyik”, - Psaki vurğulayıb.
ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında bölgədəki vəziyyətlə bağlı heç bir görüşün olmadığını deyən Psaki qeyd edib:
“Biz onların döyüşkən ritorikası ilə bağlı narahatlığımızı Rusiyaya açıq şəkildə çatdırmışıq”.