ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin bu gün Ukrayna mövzusunda son gərginliyi müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ mediası diplomatik kanallara söykənərək iki prezident arasında telefon görüşü zamanı Baydenin Rusiya liderini “çox sərt iqtisadi sanksiyalar” mövzusunda xəbərdarlıq edəcəyini açıqlayıb.
ABŞ mediasına danışan diplomatik qaynaqlar qeyd edib ki, Vaşinqton bu mövzuda sərt qarşılıq vermək üçün avropalı müttəfiqləri ilə müzakirə aparıb.
Qeyd edək ki, ötən həftə NATO xarici işlər nazirlərinin və ATƏT xarici işlər nazirlərinin görüşü zamanı da əsas müzakirə mövzusu Ukrayna olub. Həm ABŞ, həm də Avropa Birliyi ölkələri Rusiyanın Ukraynanın şərqində işğalı davam etdirəcəyi təqdirdə daha sərt iqtisadi sanksiyalar tətbiq edilə biləcəyinə dair mesajlar verib.
Yüksək səviyyəli bir Amerika rəsmisi telefon danışığından əvvəl mətbuata bildirib ki, Bayden Putinə “çox sərt iqtisadi sanksiyalar” barədə xəbərdarlıq edəcək. Həmçinin əlavə edib ki, ABŞ bu məsələdə çox sərt cavab vermək üçün avropalı müttəfiqləri ilə danışır.
Diplomat əlavə edib ki, Rusiya Donbas bölgəsində gərginliyi azaltmaq üçün “diplomatik dialoq yolunu seçməlidir”. Qərb ölkələrinin kəşfiyyat hesabatlarına görə, son həftələr Rusiya on minlərlə əsgərini Ukrayna sərhədinə yığıb. Bu da öz növbəsində 2014-cü ildən rusiyayönümlü separatçıların nəzarətində olan ərazilərə yeni ərazilərin əlavə olunacağı ilə bağlı narahatlıqları artırıb.
Bayden Putinə “Avropalı müttəfiqlərimizlə əməkdaşlıq edirik” mesajını göndərəcəyi telefon danışığından əvvəl Almaniya, İtaliya, Fransa və İngiltərə liderləri ilə də əlaqə saxlayıb. Beş ölkənin liderləri görüşlərində “Rusiya təhlükəsinə qarşı birgə olmaq” vurğusu edilib. ABŞ və Rusiya liderlərinin telefon danışığından əvvəl ABŞ dövlət katibi Antoni Blinken də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və ABŞ-ın “Rusiyanın aqressiv münasibəti qarşısında Ukraynaya sarsılmaz dəstəyini” təkrarlayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns də görüşdən bir gün əvvəl danışdığı tədbirdə Rusiyaya sərt mesajlar verib. Burns Putinin niyyətlərinin aydın olmadığını və Rusiya liderinin risk iştahını heç vaxt qiymətləndirməyəcəyini deyib: “Bircə onu bilirik ki, Putin rus hərbçilərini Rusiya təhlükəsizlik orqanlarını rahatlıqla səfərbər edə biləcəkləri yerə yerləşdirib”.
Moskva isə Qərb və Ukrayna tərəfindən səsləndirilən iddiaları rədd edir.