Yunanıstanda respublikanın keçmiş prezidenti Karolos Papulyasın bazar günü vəfat etməsi ilə əlaqədar milli matəm elan olunub.
Teleqraf.com xəbər verir ki, hökumətin qərarı ilə Karolos Papulyasın vəfat etdiyi gündən dəfn olunduğu gün də daxl olmaqla üç gün ərzində milli matəm elan edilməsi qərara alınıb.
“Dekabrın 26-dan onun dəfn gününə qədər bütün ölkədə dövlət qurumlarının bayraqları endiriləcək”, - deyə agentlik qeyd edib.
Papulyasın dəfn mərasimi dövlət hesabına həyata keçiriləcək. “Hökumətin qərarı ilə dövlət başçısının şərəfinə dəfn mərasimi keçiriləcək”, - məlumatda deyilir.
Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bazar günü 92 yaşında vəfat edib. Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.