Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yeni il ərəfəsində mütləq “Taleyin ironiyası” filminə baxacaq və olivye (SSRİ-də və müasir Rusiyada məşhur olan bayram salatı) hazırlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Qazeta.ru”ya bildirib.
“Yeni il əhval-ruhiyyəsi yaratmağın birinci şərti heç bir xəbərin onu pozmayacağına ümid etməkdir... Yeni il ovqatı yaradan ikinci şey ənənədir. Yeni il bayramı masasına hazırlaşmaq, ənənəvi yeməklər bişirmək... Olivyesiz heç nə mümkün deyil – düşünürəm ki, biz bütün ailə ilə bunu gözləyirik və özümüz hazırlayırıq. Bu il isti yemək ovlanmış çöl heyvanı əti olacaq. Bu barədə ailə şurası keçən həftə qərar verdi. Yayda hazırlanan turşular, piroqlar mütləq olacaq”, - deyə M.Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, hər Yeni ildə Eldar Ryazanovun “Taleyin ironiyası” filminə baxmalıdır.
“Əlbəttə, hazırlığın son ştrixləri ənənəvi olaraq pərəstiş etdiyimiz, sevdiyimiz “Taleyin ironiyası” altında başa çatacaq. Bəzən “İşdə məhəbbət macərası” və digər ənənəvi Yeni il filmlərinə də baxırıq. Çox şadam ki, bu ənənə saxlanılır. Bu filmlərin televiziyada nümayişi dayandırılsa belə, biz hamısını internet vasitəsilə izləyəcəyik”, - Rusiya XİN-in rəsmi nümayəndəsi deyib.