Yaponiya və Avstraliya birgə hərbi təlimlər keçirməyə imkan verəcək saziş (RAA) imzalayıblar.
Teleqraf.com xəbər verir ki, Sakit okeanın iki ada ölkəsi Çinin artan regional hərbi fəaliyyətləri qarşısında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək yollarını axtarır.
Yaponiya Baş naziri Kişida Fumio avstraliyalı həmkarı Skott Morrisonla ikitərəfli və regional gəlişmələri müzakirə ediblər.
“Azad və Açıq Hind-Sakit Okean” strategiyasının həyata keçirilməsinin vacibliyini vurğulayan hökumət başçıları Yaponiya-Avstraliya təhlükəsizlik əməkdaşlığını gücləndirmək barədə razılığa gəlib.
Görüşdən sonra imzalanan saziş barədə açıqlama verən Kişida bildirib ki, bu, Yaponiya və Avstraliya arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı yeni səviyyəyə daşıyacaq razılaşmadır.
Morrison da “tarixi” adlandırdığı müqavilənin iki ölkə arasında əməkdaşlığın yüksək səviyyələrə daşınmasını təmin edəcəyini bildirib.
“Bu, texniki səviyyədə irəliyə doğru atılmış mühüm addımdır, strateji səviyyədə də Tokio və Kanberra arasında daha sıx müdafiə əlaqələrinin qurulması deməkdir”, - Morrison deyib.
Tokio və Kanberra hökumətləri 2014-cü ildə bu saziş üzrə geniş danışıqlara başlayıb və 2020-ci ilin noyabrında razılığa gəliblər.