İsveçrənin Cenevrə şəhərində ABŞ dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında görüş keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.
Görüş zamanı dövlət katibinin müavini Birləşmiş Ştatların beynəlxalq suverenlik, ərazi bütövlüyü və suveren xalqların öz müttəfiqlərini seçmək azadlığı prinsiplərinə sadiqliyini vurğulayıb.
“ABŞ qarşıda gözlənilən görüşdə Rusiya ilə bəzi ikitərəfli məsələləri müzakirə edəcək, amma avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropanın təhlükəsizliyini müzakirə etməyəcək”, - açıqlamada deyilib.
Bildirilib ki, müəyyən məsələlərin müzakirəsi yanvarın 12-də Brüsseldə keçiriləcək NATO Şurası-Rusiya və yanvarın 13-də Vyanada keçiriləcək ATƏT-in Daimi Şurasının iclaslarına buraxılaq.
Görüş zamanı Şermanı ABŞ-ın Birləşmiş Əməliyyatlar üzrə baş qərargah rəisi general-leytenant Ceyms Minqus, Rusiya xarici işlər nazirinin müavinini isə müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin müşayiət edib.