“Türk Dövlətləri Təşkilatı əvvəldən bir sıra addımlar atmalı idi. Hesab edirəm ki, bu istiqamətdə gecikmə var. Elə addımlar atılmalıdır ki, türkdilli dövlətlərin əhalisi arasında əlaqələri, xüsusilə, ünsiyyəti daha da yaxınlaşdırsın. Mən bu məsələni daim qaldırmışam. Hesab edirəm ki, artıq bunun zamanı çatıb”.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.
O, bu istiqamətdə bir sıra təkliflər irəli sürüb. Deyib ki, türk dövlətlərinin ortaq parlamenti olmalıdır.
Firudin Cəlilov hesab edir ki, türk dövlətlərinin həmçinin birləşmiş ordusu olmalıdır: “Əlbəttə, kimlərəsə görə, bu, utopiya ola bilər. Amma mümkündür”.
Sabiq nazir daha vacib məqam kimi gömrük birliyini, azad ticarəti, elm və təhsil sahəsində inteqrasiya prosesi getməlidir.
O, ən vacib məqam kimi türk ölkələri arasında ortaq əlifbanın əhəmiyyətini irəli çəkib: “Ortaq əlifba olduqca vacibdir. Əks təqdirdə, hərə özünə bir əlifba düzəldir. Türkiyə 30 ildir öz əlifbasına 3 hərf artıra bilmir ki, bizim kimi ortaq əlifbadan istifadə etsin. Hesab edirəm ki, sadaladığımız təklifləri diqqətə almalıdırlar”.
Firudin Cəlilov qeyd edib ki, belə məsələlərdə Azərbaycan digər türk dövlətlərindən öndədir: “Xüsusilə, Şuşa bəyannaməsini qeyd edərdim. Bu, çox önəmli hadisə idi. Əlbəttə, davamı da gəlməlidir. Türkiyənin Azərbaycanda hərbi bazası da ola bilər və buna heç kim etiraz edə bilməz. Bu mənada prosesləri sürətləndirmək lazımdır.
Qazaxıstanın isə coğrafi mövqeyi bir qədər mürəkkəb idi. Obrazlı desək, bir tərəfdən qonşusu ayı, digər tərəfdən əjdahadır. Çinin də, Rusiyanın da orada öz maraqları var. Yaranan durumdan da hər ikisi də istifadə etməyə çalışacaq. Nazarbayevin geri çəkilməsi bir qədər arzuedilməz durumdur”.