24 Yanvar 12:15
387

“Ukrayna ətrafında qızışdırılan vəziyyət belə qənaətə gəlməyə əsas verir ki, sanki ya Rusiya dəqiq bu ölkəyə hücum edəcək, ya da onun rəqibi olan qlobal güclər məhz bunda maraqlıdırlar və Moskvanı bütün vasitələrlə müharibəyə sürükləməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, bu təəssüratı yaratmaq üçün hər iki tərəf, yəni həm Rusiya, həm də NATO (xüsusilə də ABŞ və Böyük Britaniya) əllərindən gələni edirlər:

“Yəni, bu “blef”də hər iki tərəfin dəst-xətti açıq görünür. Obyektiv təhlil apardıqda bir neçə ehtimal üzə çıxır ki, bunlar da Avrasiya məkanındakı real durumdan qaynaqlanır. Real durum isə budur ki, hazırda yeni geosiyası arxitekturanın konturları cızılır. Məlumdur ki, belə qlobal hadisələr daim böyük müharibələrlə müşaiyət olunub. Elə Birinci və İkinci Dünya müharibələrini xatırlamaq kifayət edər.

Birinci və əsas sual budur ki, Rusiya doğrudanmı Ukraynaya hücum edə bilər? Bu suala müsbət cavab üç halda mümkündür.

Birincisi, Moskva üçün təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən "Şimal Axını-2" birdəfəlik dəfn olunur. Belə olduqda Rusiya öz qazının xeyli hissəsini yenə Ukrayna vasitəsilə ixrac etməli olacaq ki, bu da Kiyevə ağır şərtlər irəli sürmək imkanı verə bilər. Məsələn, Donbas və Luqanskdan separatçı adı altında Ukraynaya qarşı döyüşən Rusiya diversantlarını çıxarmaq və həmin ərazilər üzərində Ukraynanın suverenliyini tanımaq. Nəzəri baxımdan Rusiya hətta bununla razılaşsa belə, ardınca Krımla bağlı tələbin olmayacağı da istisna deyil.

Ssenari Moskva üçün nəinki əlverişli deyil, hətta Rusiyanın daxili siyasi vəziyyətinə təsir edərək Kreml uğrunda gedən mübarizəni də kəskinləşdirə bilər. Bu halda da Rusiyanın hərbi gücə əl atmaqdan başqa seçimi qalmır və deməli, müharibə qaçılmaz olur.

İkincisi, Ukrayna NATO-ya üzv olmağa yaxınlaşır və bu da Rusiya rəhbərlərinin dəfələrlə açıq bildirdiyi kimi, Moskva üçün “qırmızı xətt” sayılır və deməli, bu halda da gərginliyin hərbi qarşıdurmaya keçmək ehtimalı artır.

Üçüncüsü, Kiyev işğal altında olan ərazilərini hərbi güc yolu ilə azad etmək üçün hərəkətə keçir və Moskva 2014-cü il Minsk anlaşmasını əsas gətirərək separatçıların nəzarətində olan bölgələrə hərbi qüvvələrini yeridir”.

Ərəstun Oruclu qeyd edib ki, hər üç halda Ruisya-Ukrayna hərbi qarşıdurması ehtimalı artır, amma bu da hələ genişmiqyaslı müharibənin olacağını deməyə əsas vermir: “Qərb mediasında isə söhbət əsasən belə müharibədən gedir.

O zaman sual olunur ki, belə bir müharibə Rusiyaya lazımdırmı və ümumiyyətlə o, Moskvaya nə verə bilər? Göstərilən üç haldan başqa qalan bütün hallarda Moskva müharibədə maraqlı olmamlıdır, çünki bu, təkcə Ukrayna üçün deyil, Rusiyanın özü üçün də fəlakətli nəticələr verə bilər.

Əvvəla, Ukrayna bu gün həm hərbi baxımdan daha güclüdür, həm də beynəlxalq dəstəyə daha çox malikdir ki, belə olduqda da Rusiyanın bu ölkəyə hərbi təcavüzü əks-effekt də verə bilər. Üstəlik, bu dəfə Qərb ölkələri (ABŞ, Fransa və ya Böyük Britaniya) imazaladıqları 1994-cü il Budapeşt memorandumunu əsas gətirərək Kiyevə qeyri-məhdud həcmdə açıq hərbi dəstək göstərə bilərlər.

Metodundan və səbəbindən asılı olmayaraq, Moskvanın Ukraynaya hərbi müdaxiləsi təkcə ölkənin hakim zümrəsində deyil, cəmiyyətdə də ciddi fikir ayrılığı və hətta radikallaşma meylləri də doğura bilər. Bir sözlə, ruslar üçün Ukrayna nə Qazaxıstan deyil, nə də Gürcüstan. Movcud sosial-iqtisadi və beynəlxalq vəziyyətdə daxili çalxalanma Kremlin birmənalı marağında deyil.

Yuxarıda qeyd olunan hər üç halda olmasa da ikinci və üçüncüdə təxribatlar istisna deyil. Məsələn, İkinci Dünya Müharibəsi ərəfəsində SSRİ-nin Finlandiyaya və ya həmin müharibənin başlanğıcı olan Almaniyanın Polşaya hücumunun “səbəbləri” kimi. Amma hər bir halda sağlam məntiq deyir ki, Rusiya maksimal dərəcədə Ukrayna ilə müharibədən qaçmalıdır”.

Ekspert vurğulayıb ki, bunun üçün hansısa alternativ addımlar atılmalıdır: “Bəs Moskva hansı variantlara əl ata bilər?

Birincisi, müharibə təxribatdan başlayır və deyək ki, Belarusla Litva və ya Belarusla Polşa arasında baş verir, Rusiya isə rəsmi olaraq müharibəyə qatılmadığını bildirərək NATO-nun qoşulacağı halda KTMT üzrə müttəfiqini müdafiə etməyə məcbur olacağını bildirir.

İkincisi, müharibə başlayır, amma NATO üzvü olmayan ölkələrdən biri ilə. Məsələn, İsveçlə. Bu halda NATO-nun qatılması ilə bağlı müzakirələr başlayır və mümkündür ki, Alyans daxilində konsensus əldə olunmur. Rusiya isə vaxtdan istifadə edərək İsveçin hərbi dəniz qüvvələrini sıxışdırıb çıxarır və Baltik dənizinin böyük bir hissəsinə nəzarəti tam ələ keçirir.

Üçüncüsü, müharibə baş verir, amma tamamilə fərqli istiqamətdə. Məsələn, Rusiya üçün Yaxın Şərqə çıxış əldə etmək məqsədilə Cənubi Qafqazda və ya Mərkəzi Asiyada. Bununla Moskva öz çaşdırıcı taktikasını davam etdirməklə yanaşı, həm də geosiyasi planlarını təmin edir.

Dördüncüsü, Moskva Çinə təhdid yaradan addımlar ataraq Qərbə mesaj verir ki, onun NATO, Avropa və ya ABŞ-la münaqişəyə getmək fikri yoxdur, əksinə Çinə təzyiq etmək məsələsində onlarla əməkdaşlıq edə bilər. Bunun üçün isə Rusiya Çinlə həmsərhəd ölkələrin birinə qarşı “Qazaxıstan əməliyyatı” sayağı hansısa addımlar ata bilər.

Burada da seçim imkanı yetərincə genişdir. Bu, Qazaxıstanda vəziyyəti gərginləşdirməkdən tutmuş başqa bir Mərkəzi Asiya ölkəsinə və ya elə Monqolustana hərbi müdaxiləyədək hər şey ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu