24 Yanvar 2022 13:00
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çində keçiriləcək Qış olimpiadasına sayılı günlər qalıb. İdmançılar fevralın 4-dən 20-dək keçiriləcək olimpiadaya hazırlıqlarını sona çatdırıblar. Ancaq elə bu ərəfədə Çində koronavirusun artmasıyla bağlı xəbərlər yayılıb. Əslində Çində virusla mübarizədə müsbət nəticələr əldə edilmişdi. Ancaq son bir neçə ayda virusa yoluxanların sayı yenidən artmağa başlayıb”.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən Teleqraf.com-a daxil olan analitik məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, olimpiada ərəfəsində koronavirusun omikron ştamı Çində də qeydə alınıb:

“Maraqlıdır ki, bu ştama yoluxan çinli qadın xarici ölkəyə səfər etməyib. Çinli mütxəssislər həmin qadının virusun “Omikron” ştammına necə yoluxduğunu araşdırmağa başlayıblar. Məlum olub ki, həmin qadın Kanadadan bağlama alıb və omikron həmin bağlama üzərindən Çinə keçib.

Ötən il virusu sıfıra endirən Çində bu ilin yanvar ayından 200 nəfərdə virus aşkarlanıb. Bu, əhalisi 1 milyard 400 milyon olan Çin üçün kiçik rəqəm deyil. Virus əhalinin sıx olduğu ölkələrdə daha sürətlə yayılır. Vəziyyətdən narahat olan Çin rejimi ölkənin başqa bölgələrindən paytaxt Pekinə gediş-gəlişi nəzarət altına alıb. Çin daxilindən Pekinə getmək üçün 48 saat əvvəl test vermək lazım gələcək, Bundan başqa Çinə xarici ölkələrdən daxil olan bağlamalar yoxlanılacaq.

Çindən gələn xəbərlər Rusiya mətbutında geniş işıqlandırılır. Məsələ burasındadır ki, Prezident Vladimir Putin Çində olimpiadanın açılışına qatılacağını aylar öncə bəyan edib. Halbuki bir çox Qərb lideri Çində insan haqlarının pozulmasına görə olimpiadanı boykot ediblər. Kreml sahibi iki ildir özünü virusdan bütün mümkün olan mexanizmlər vasitəsilə qoruyur.

İran Prezidenti İbrahim Rəisi Moksvaya səfər edərkən Kremlin test yoxlamasından keçmə istəyini yerinə yetirməmişdi. Buna görə də Putin Rəisi ilə görüşdə uzun masa ətrafında müzakirə apardı. Bu, Putinin qarşısındakının virus daşıyıcısı olub-olmadığını bilməməsiylə bağlı idi. Ona görə də Çində və paytaxt Pekində virusun yayılması xəbəri Kreml sahibini narahat etməyə bilməz. Rusiya prezidenti başqa ölkəyə qonaq getdiyindən görüşdüyü insanların hamısının testdən keçməsini tələb edə bilməz. Ancaq Kreml sahibi Qərbin boykotu qarşılığında tərəfdaş saydığı ölkədə keçirilən olimpiadanın açılışına qatılmaqdan imtina edə də bilməz. Putin çətin dilemma qarışısındadır”.

Məqalədə vurğulanıb ki, Qərb mətbuatında – “Washington Post”, “New York Times” və “The Guardian” kimi nəşrlərdə olimpiadanın açılışına günlər qalarkən bu ölkədə uyğurlara edilən zülmlə bağlı yazıların sayı artıb:

“Nyu-Yorkda yerləşən “Human Rights Watch” təşkilatı Pekində keçiriləcək 2022 Qış Olimpiya Oyunları ərəfəsində Çin hakimiyyətinin söz azadlığı ilə bağlı yaydığı üstüörtülü təhdidlərdən narahatlığını bildirib. Bu açıqlama Pekin olimpiadasının beynəlxalq əlaqələr departamentinin baş direktorunun müavini Yanq Şunun mübahisəli bəyanatı ilə əlaqəlidir. Çin rəsmisi deyib ki, “Olimpiya ruhuna, xüsusən də Çin qanun və qaydalarına zidd olan istənilən davranışların və ya çıxışların qarşısı dərhal alınacaq”.

Bu o deməkdir ki, Çin hakimiyyəti olimpiada günlərində ölkə daxilində uyğurların haqlarıyla bağlı kimlərinsə etiraz edə biləcəyini istisna etmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər