Genişmiqyaslı hərbi təlimlər çərçivəsində Cənubi Çin dənizində olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carl Vinson” təyyarədaşıyan gəmisindən qalxan qırıcıdakı hərbçilər faciədən son anda dönüblər.
Teleqraf.com xəbər verir ki, “F-35” qırıcısı təyyarədaşıyan gəmiyə enmək istəyərkən qəzaya uğrayıb.
ABŞ-ın Sakit Okean Donanması Komandanlığından verilən açıqlamada hadisənin göyərtədə baş verdiyi və özünü təhlükəsiz şəkildə suya atmağı bacaran pilotun sağ-salamat xilas edildiyi bildirilib.
Qəza ilə bağlı ətraflı məlumat verilməsə də, göyərtədə yaralanan 7 dənizçidən üçünün Filippinin Manila şəhərindəki tibb müəssisəsinə göndərildiyi, vəziyyətlərinin stabil olduğu deyilib.
Bildirilib ki, gəmidə dörd dənizçi müalicə edilib.
Qəzaya uğrayan təyyarənin gəminin göyərtəsində qalıb-qalmadığı və ya dənizə düşüb-düşmədiyi açıqlanmayıb.