27 Yanvar 2022 12:52
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna gərginliyi atmosferində Avropanı qaz problemi ciddi narahat etməyə başlayıb. Məhz bu amil Avropanın Rusiyaya qarşı kəskin mövqedən çıxış etməsinə əngəl yaradır.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı təbii qaz tədarükünün üçdə birini Rusiyadan təmin edir.

Rusiya qazının Avropaya axını dayandırılsa, bu, qitədə enerji böhranına səbəb ola bilər.

Qərb mətbuatının iddiasına görə, hazırda ABŞ tərəfi Rusiya qazının Avropaya axınının dayandırılması halında yaranacaq vəziyyəti analiz edir və çıxış yolları axtarır.

Adının açıqlanmadığı ABŞ rəsmisi qeyd edib ki, Rusiya normal olaraq Ukrayna vasitəsilə Avropaya ildə 40 milyard kubmetr qaz tədarük edir, lakin bu yolla göndərdiyi qazın həcmini artıq iki dəfə azaldıb. Avropada istifadə olunan qazın təxminən üçdə birini təşkil edən Rusiya qazının tamamilə dayandırılmasının ağlasığmaz nəticələri hesablanır.

Rusiya enerjisinə dair “Klimat” kitabının müəllifi Thane Qustafson bildirib ki, hətta soyuq müharibənin qızğın çağında da Sovet İttifaqı qaz ixracını dayandırmayıb. 2009-cu ildə Rusiyanın Ukrayna ilə qazla bağlı ən şiddətli mübahisəsi zamanı yalnız bu ölkədən qazın nəqli müvəqqəti olaraq kəsilib. Amma təbii qazın kəsilməsi artıq ağlasığmaz bir imkan deyil.

Qustafson deyib: “Putin həqiqətən də qaz kranını bağlaya bilər. Sovet sələflərindən fərqli olaraq, Rusiya lideri qısa bir enerji şokunun maliyyə tərəfini qarşılaya bilər”.

Rusiya qaz silahından istifadə etsə, Qərbə nə qədər ziyan vuracaq?

Avropanın qalan hissəsi 2009-cu ildə olduğu kimi Ukrayna ərazisindən keçən qazla məhdudlaşsaydı, o qədər də sıxıntılı olmazdı.

Birincisi, “Qazprom” artıq Ukraynadan keçən qaz axınını kəsib. Hazırda Ukraynadan keçərək Avropaya qaz ötürən kəmərdə qazın həcmi 2019-cu ilin dörddə biri qədərdir.

Putinin Avropaya gedən bütün qazı kəsməsi kabus ssenarisinə bənzəsə də, bu, təəccüblü olmayacaq. San Dieqodakı Kaliforniya Universitetinin professoru David Viktor hesab edir ki, bu, ən çox Slovakiya, Avstriya və İtaliyanın bəzi bölgələrində hiss olunacaq.

Böyük Avropa ölkələri arasında ən həssas ölkə Almaniyadır. Kömürlə işləyən elektrik stansiyalarını və Yaponiyada Fukuşima faciəsindən sonra verilən qəfil qərar səbəbiylə nüvə stansiyalarını vaxtından əvvəl bağlamaq qərarına gələn Almaniya təbii qazdan hədsiz dərəcədə asılı olmağa davam edir.

Yaxşı xəbər ondan ibarətdir ki, Avropanın enerji sistemi 2009-cu il böhranında olduğundan daha davamlıdır.

Potsdamdakı Erfurt Universitetinin professoru Andreas Qoldtau bəzi faydalı dəyişikliklərə işarə edib. Onun fikrincə, rəqabəti dəstəkləyən tədbirlər “Qazprom”un nəzarətini zəiflədib. Üstəlik sıx qaz bağlantıları şəbəkəsi indi əvvəllər təcrid olunmuş ölkələri birləşdirir.

Bütün bunlara rəğmən Rusiyanın Ukraynanı işğalı planı, Avropaya enerji təchizatının pozulması ilə bağlı narahatlıqları da özü ilə gətirir. Bayden Administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya təcavüzü halında enerji təchizatında mümkün dəyişiklikləri müzakirə etmək üçün dünyanın əsas enerji istehsalçıları və şirkətləri ilə görüşür. ABŞ rəsmisi görüşdüyü ölkələrin və ya şirkətlərin adını açıqlamasa da, danışıqlara mayeləşdirilmiş təbii qaz satıcıları daxil olmaqla çox sayda təchizatçının cəlb edildiyini bildirib.

ABŞ rəsmisi Şimali Afrika, Yaxın Şərq, Asiya və ABŞ kimi Rusiyadan kənarda əlavə təbii qaz mənbələrini araşdırdıqlarını bildirib:

“Paralel olaraq biz dünyanın əsas təbii qaz istehsalçıları ilə danışıqlar aparırıq. Onların təbii qaz hasilatını müvəqqəti olaraq artırmaq qabiliyyətini və istəklərini anlamaq üçün dünyanın hər yerində qaz istehsalçıları ilə görüşlər keçiririk”.


Müəllif: Nemət

Oxşar xəbərlər