Ukrayna və Rusiya arasındakı böhran Almaniya kimi bir çox NATO üzvü ölkələrinin dərhal Moskvadan enerji asılılığını azaltmaq və bərpa olunan enerjilərə diqqət yetirməli olduğu reallığını üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Kiyev və qərbli müttəfiqlərinin böhran zamanı dəqiq mövqe tutmadığına görə tənqid olunan rəsmi Berlin bir tərəfdən Rusiya təchizatçısı ilə münasibətləri davam etdirməli, digər tərəfdən NATO daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olub.
Almaniyaya idxal olunan təbii qazın 55 faizi Rusiyadan gəlir. 2012-ci ildən bu göstərici 15 bənd artıb. İdxal olunan qazın yarısı ev təsərrüfatları tərəfindən istifadə edildiyi halda, təbii qaz əsas enerji ehtiyacının demək olar ki, 27 faizini təşkil edir. Berlinin Ukrayna böhranında “müqavimət göstərməsinin” əsas səbəbi budur. Almaniya bir tərəfdən Moskvanı hədəf alan sanksiyalarla bağlı “ehtiyatlı olmağa” çağırır, digər tərəfdən isə Ukraynaya silah göndərməkdən imtina edir. Rusiya ilə Almaniya arasında enerji əməkdaşlığı Baltik dənizindən təbii qaz axınına səbəb olan və böyük mübahisələr yaradan “Şimal axını II” təbii qaz kəməri ilə konkretləşib. Berlində yeni koalisiya hökumətində Yaşılların əsas rolu asılılığın azaldılmasına və bərpa olunan enerjinin gündəmə gətirilməsinə səbəb olub.
Almaniyanın İqtisadiyyat və İqlim Naziri Robert Habek hökumətin mövqeyini açıqlayıb: “Qaz yanacaqlarından getdikcə daha çox imtina Avropanı geosiyasi baxımdan daha güclü edəcək”.
2030-cu ilə qədər elektrik ehtiyacının 80 faizini bərpa olunan enerjidən ödəməyi hədəfləyən Berlin bu il ölkə ərazisinin 2%-ni külək turbinləri ilə təchiz edəcək və damlarda günəş enerjisi panellərinin quraşdırılmasını tələb edəcək. Ancaq qısa müddətdə bu həll özü ilə vacib problemləri də gətirir. Çünki enerji keçidi həm də daha çox təbii qazdan istifadəyə səbəb olur. Buna səbəb 2022-ci ilin sonunda nüvə enerjisindən, 2030-cu ildə isə kömürdən çıxmaq qərarıdır.
Ekoloji cəhətdən təmiz enerjilərin kifayət etmədiyi vəziyyətlərdə, yəni günəşsiz və küləksiz günlərdə istifadə edilən kömür və nüvə enerjisinin söndürülməsi təbii qazın enerji ehtiyacını qarşılamaq üçün yeganə variant olmasına səbəb olur. Fraunhofer İqtisadiyyat İnstitutunun məlumatına görə, Almaniya 2030-cu ilə qədər təbii qazdan istifadə etməklə elektrik enerjisi istehsalını üçdə bir artırmalıdır.
Bəs bu cədvəldə Moskvaya aludəçilikdən xilas olmaq mümkündürmü? Hökumət ilk olaraq enerji idxalında diversifikasiyaya əl atdı. İqtisadiyyat Nazirliyindəki mənbə hesab edir ki, Avropada metan terminallarının “tam gücündən” istifadə alternativ ola bilər. Lakin bu enerjinin ABŞ, Qətər və Avstraliyadan gəlməsi qiymətlərin qalxmasına səbəb olacaq. Həmçinin ölkənin qaz ehtiyatlarının 42 faiz çox aşağı səviyyədə olması enerjinin yeni qiymətlərinin yolda olduğuna işarədir. İnflyasiyanın sürətlə artdığı bir vaxtda enerji qiymətlərində əlavə artım hökumət üçün “siyasi bomba” kimi şərh olunur.