8 Fevral 2022 17:28
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyəsiz bölgədəki İŞİD, Rusiya və İrandan gələn təhlükələrə qarşı yaxşı siyasət aparıla bilməz, bu qədər sadədir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“İllərdir dediyimiz kimi, bu dövrdə Türkiyə və ABŞ-ın xarici siyasətinin koordinasiyası böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə İŞİD, Rusiya və yaxın zamanda nüvə silahı istehsal edə biləcək İran tərəfindən təhdid edilir. Bunlar ciddi təhdidlərdir. Türkiyə üçün də təhdiddir. Türkiyəsiz bu təhlükələrə qarşı yaxşı siyasət aparıla bilməz, bu qədər sadədir”, - amerikalı siyasətçi vurğulayıb.

Ceferi bir sıra regional məsələlərə yanaşmada Türkiyə və ABŞ-ın eyni tərəfdə olduğunu bildirib:

“Münaqişələrə, Suriyadakı mübarizəmizə, Əfqanıstandakı vəziyyətə, Kosovo və Ukraynadakı fəaliyyətlərimizə baxaq, bu məqamlarda Türkiyə və ABŞ eyni tərəfdədir”.

Onun sözlərinə görə, hər iki tərəfdən anlaşılmazlıq və yanlış diplomatiya ucbatından münasibətlərdə çətinliklər var və bunu həll etmək lazımdır:

“Bunu ancaq Prezident Ərdoğan və Prezident Bayden səviyyəsində həll etmək olar. Görüş keçirilir, telefon danışığı aparılır, indi önəmli olan iki liderin ikinci dərəcəli məsələləri bir kənara qoymasıdır. “S-400”-lərin alınmasına göz yumub, sözlərə yox, hərəkətə baxmaq olar”.

Ceyms Cefri hesab edir ki, Türkiyə öz ərazisini təhlükələrdən qorumaq üçün ABŞ-la yaxşı münasibətdə olmalıdır:

“Burada əsas problem bu prosesin ABŞ-ın xarici siyasət sistemində ilişib qalmasıdır. Biz “soyuq müharibə” qədər təhlükəli dövrdəyik və ABŞ hökuməti təhlükənin fərqində deyil. Deyə bilərəm ki, 30 illik gərəksiz xarici siyasətin yükü altındadırlar. “Soyuq müharibə” dövründə etdiyimiz kimi, Yaponiya, Almaniya, Türkiyə və Fransa kimi əsas müttəfiqlərlə münasibətlərimizə üstünlük verilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu