Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükəsi yaratdığı vaxt Moskvanın aktiv hərbi qüvvələrinin bir çox NATO ölkəsinin sərhədlərinə çatması başqa bir narahatlıq yaradır. NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, qonşuları İsveç və Finlandiyanın NATO ilə yaxın münasibətləri açıq şəkildə Rusiyanın etirazına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib:
“Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”.
Rusiya təhlükəsi Ukrayna böhranından əvvəl də bu iki ölkədə aşkar formada hiss olunurdu.
Hər iki ölkə “soyuq müharibə” dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etmişdi. İsveç 1814-cü ildə bitərəfliyini elan etməklə dünyada yeni zəmin yaratdı. 1917-ci ildə Rusiyadan müstəqilliyini qazanan Finlandiya da 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır. Rusiyanın son addımları bu məsələni bir daha gündəmə gətirib.
Rusiyanın hücumu ilə Avropa tarixində yeni qara səhifənin açıldığını deyən İsveç Baş naziri Maqdalena Andersson bildirib: “Belə bir durumda İsveçin təhlükəsizlik siyasətindəki xəttinin dəyişməməsi çox vacibdir”.
İsveçin uzun müddətdir ittifaqlardan kənarda qaldığını xatırladan Andersson bunun ölkəsinin maraqlarına xidmət etdiyini bildirib. Hazırkı siyasətini davam etdirmək siqnalını verən Finlandiya İsveçdən fərqli olaraq NATO-ya üzvlükdə israrlı görünür. Finlandiya Baş naziri Sanna Marin bu haqda deyib: “Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var”.
NATO isə bildirib ki, qərarı məhz bu iki ölkə verməlidir. Finlandiya və İsveçlə sıx əməkdaşlığı dəyərləndirən NATO baş katibi Yens Stoltenberq məsələnin öz gələcək müqəddəratını təyinetmə və suverenlik hüququ çərçivəsində olduğunu düşünür.