28 Fevral 2022 14:27
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarının istifadə edə biləcəyi şəxsləri onunla əlaqə saxlamağa çağırır.

Teleqraf.com xəbər verir ki, rus xüsusi xidməti Ukrayna xüsusi xidmət orqanlarının soydaşlarından kəşfiyyat və təxribat fəaliyyəti üçün istifadə etmək cəhdlərinin son vaxtlar Rusiyada tez-tez baş verdiyini açıqlayıb.

FSB-nin Moskva və Moskva vilayəti üzrə idarəsinin mətbuat xidməti bunu təsdiq edib.

“Ukrayna vətəndaşlarının Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada yaşayan və işləyən soydaşlarından kəşfiyyat və təxribat fəaliyyəti üçün istifadə etmək cəhdləri ilə bağlı bəyanatlarla müraciət etməsi halları daha çox olub”, - FSB bildirib.

Mətbuat xidməti qeyd edib ki, xarici kəşfiyyat orqanının və ya onun maraqlarına uyğun hərəkət edən şəxsin göstərişi ilə Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə üçün məlumatların ötürülməsi və ya toplanması Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsinə əsasən cinayət hesab olunur (“casusluq”) və 20 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni zamanda, şəxs könüllü olaraq və vaxtında səlahiyyətli orqanlara məlumat verdikdə və ya başqa yolla zərərin daha da qarşısının alınmasına kömək etdikdə cinayət məsuliyyətindən azad edilir.

“Yuxarıda göstərilənləri nəzərə alaraq, Rusiyanın Moskva şəhəri və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək üçün istifadə edilə bilən şəxslərlə əlaqələr barədə məlumat verməyə çağırır”, - məlumatda qeyd edilir.

Xidmət belə hallarda onunla əlaqə saxlamaq üçün müvafiq telefon nömrələri və elektron poçt ünvanını da açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər