Ukrayna və Rusiya arasında müharibə səkkizinci gündür davam edir. Toqquşmalarda, bombardmanlarda mülki əhali arasında itkilər var, digər yandan, Qərb ölkələri bir-birinin ardınca Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər.
Teleqraf.com xəbər verir ki, Türkiyə Ukraynaya təcavüzə görə Rusiyanı qınasa da, tərəfsizliyini qoruyur və tərəfləri dialoqa çağırır.
Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl verdiyi açıqlamada bu sözlərlə diqqət çəkmişdi: “Ukraynadan əl çək desəniz, imtina edə bilmərik, çünki burada ölkəmizin maraqları çox irəlidədir. “Rusiyadan əl çək” desəniz, ondan da imtina edə bilmərik, çünki onunla da hazırda həqiqətən inkişaf etmiş əlaqələrimiz var”.
İsraildə nəşr olunan “Haaretz” qəzeti də, Ərdoğanın Ukrayna-Rusiya böhranında oynadığı rola diqqət çəkib.
İsrail nəşrinə görə, indiyədək Ukraynada ən çox qazanan Ərdoğandır. Məqalədə Ərdoğanın balans strategiyasının həm Qərb ölkələri, həm də Rusiya tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.
“Ərdoğanın Kiyevə səfəri həmrəylik əlaməti idi. O, Rusiya ilə işgüzar münasibətlərini qorumaqla yanaşı, Ukrayna xalqının yanında qərarlı mövqeyi ilə strateji baxımdan balans yarada bilir. Türkiyə Rusiya ilə tərəfdaş olaraq koalisiya üçün önəmlidir”, - nəşr qeyd edib.