15 Mart 2022 11:43
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadan sonra Rusiyanın növbəti hədəfi Gürcüstan və Moldova ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafında gedən geosiyasi proseslərə diqqət çəkib:

“Putinin şəxsi təbliğatçısı – “Rusiyanın Jozef Göbbelsi” Vladimir Solovyov bildirib ki, heç bir sanksiyalar Rusiyanı dayandırmayacaq və onları tətbiq edənlər düşünməsinlər ki, Rusiya Ukrayna ilə kifayətlənəcək, Ukrayna Rusiya üçün yalnız keçiddir.

Solovyovun dediklərini ciddiyə almamaq da olardı, amma onun son 2 il ərzində Ukraynaya hərbi təcavüzün ideoloji əsasını hazırlamasını nəzərə alanda dedikləri Kremlin mesajı kimi qəbul olunmalıdır. Təbii ki, Rusiyanın konfliktin coğrafiyasını genişləndirmək niyyəti təkcə hansısa təbliğatçının bunun anonsunu verməsilə ölçülmür. Rusiyanın bugünkü siyasəti onu “olum, ya ölüm” seçimi ilə üz-üzə qoyub. Ona görə də Putinin hətta Ukraynadakı ağır itkilər nəticəsində dayanacağı inandırıcı görünməməlidir.

İtkilər isə həqiqətən ağırdır. Dünən Pentaqonda keçirilən brifinqdə Rusiya ordusunun bütün hücum istiqamətlərində durdurulduğu bildirilib.

Görünür, həmin səbəbdən də Rusiya Ukraynanın əksər böyük şəhərlərini öz ərazisindən atılan raketlərlə atəşə tutub. Bəzi məlumatlarda Rusiya ordusunun “İsgəndər” raketlərindən istifadə etdiyi bildirilir. Pentaqonda onu da bildiriblər ki, Ukraynaya hərbi yardımın çatdırılması davam edir”.

Ərəstun Oruclu bildirib ki, Pentaqon həmçinin Çinə də onun Rusiyaya hərbi və iqtisadi dəstək verəcəyi halda üzləşə biləcəyi problemlər haqqında xəbərdarlıq edib:

“Yayılan digər rəsmi məlumatda isə ABŞ Dövlət katibi Blinkenin Nikol Paşinyanla telefon danışığı olduğu və onun Ermənistan baş nazirinə Rusiyaya dəstək verənlərə Belarusun aqibətini bildirdiyi deyilir. Görünür, belə xəbərdarlıq da təsadüfi deyil, çünki sosial şəbəkə platformalarında bir sıra peşəkar hərbi araşdırmalar mərkəzlərinə məxsus hesablarda Ermənistanın Ukraynaya rus ordusunun tərəfində döyüşmək üçün 2 100 həbçi göndərməsi barədə xəbərlər yayılıb.

ABŞ maliyyə nazirinin müavini bütün Rusiya məhsullarının idxalına qadağa qoyula biləcəyini deyib, Ağ Evin sözçüsü isə bildirib ki, ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını darmadağın edib. Bu da bildirilir ki, artıq Rusiya şəhərlərində bir sıra ərzaq məhsullarının qıtlığının yarandığı müşahidə olunur. Bu arada, hər iki tərəfin dezinformasiya maşını var gücü ilə işləyir. Təhlillərdən aydın olan isə hələlik budur ki, Rusiya konflikti genişləndirməkdə davam edəcək. Amma eyni zamanda, sual da yaranır ki, Ukraynada ağır duruma düşən rus ordusu başqa ölkələrlə necə və hansı resurslar hesabına döyüçəcək?

Suala cavab tapmaq üçün Moskvanın Ukraynaya qarşı apardığı müharibənin bəzi detallarına diqqət yetirmək yerinə düşərdi. Bir sıra mənbələr iddia edir ki, Rusiya savaşa özünün əsas hərbi qüvvələrini cəlb etməyib. Bunu təsdiq və ya təkzib etmək bir o qədər də asan deyil, çünki yayılanlar informasiyadan daha çox dezinformasiyadır”.

Politoloq hesab edir ki, hətta belə də olsa, hazırda yaşanan uğursuzluq Rusiya ordusu üçün ən azı psixoloji baxımdan əlverişli deyil:

“Müharibədə isə psixoloji üstünlük həlledici amillərdəndir. Digər tərəfdən də rus ordusunun uğursuzluğu Ukrayna ordusunda ruh yüksəkliyi yaradır. Bu da öz növbəsində Ukrayna ordusunun motivasiyasını artırır.

Deməli, bu iddianı yüksək ehtimalla əsassız saymaq olar. Başqa bir iddiaya görə, rus ordusunun komandanlığı bilərəkdən döyüşlərə hələlik köhnə silahları cəlb edib ki, daha müasir silahları qarşıdan gələn daha ağır savaşlar üçün saxlasın. Bu iddia da özünü doğrultmur, çünki ölkələrin silah arsenalı az qala bütün detalları ilə bəllidir. Amma burada da müəyyən istisnalar var. Şübhəsiz ki, istənilən ölkədə müasir silahların sayı, onların texniki detalları və dislokasiyası məxfi məlumatdır, amma bunları araşdırmaq, öyrənmək üçün də hərbi kəşfiyyatlar var. Onlara isə silahların əksəriyyətinin nəinki dislokasiyası, hətta hansı nöqtələrə tuşlanması da məlumdur.

Görünən budur ki, Moskvanın hədələri artdıqca onun rəqibləri də Rusiya ətrafında onsuz da sıxılan çərçivəni bir qədər də daraldırlar. Bu isə Rusiyanı eyni dərəcədə həm geri çəkilməyə, həm də irəliyə atılmağa sövq edə bilər. İkincinin ehtimalı daha yüksəkdir. Xüsusilə də atılan addımların Rusiyanın təcridinə yönəldiyini nəzərə aldıqda.

Rusiyanın növbəti hədəfi kimi istər Avropa dövlətləri, istərsə də post-sovet ölkələr göstərilə bilər. Avropa ölkələri arasında daha çox Polşa, Litva və İsveç, post-sovet ölkələr arasında isə Gürcüstan və Moldova ola bilər. Hər iki istiqamət eyni dərəcədə mümkündür. Əlbəttə, əgər Rusiya Ukrayna bataqlığında batıb qalmayacaqsa”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər