Rusiya qüvvələri Quta-Mejixirska və Lyutij yaxınlığındakı Polissyada yerləşən Ukrayna hərbçilərinin mövqelərinə hücum etməyə cəhd ediblər. Silahlı Qüvvələr hücuma keçən rus hərbi birləşmələrini darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda Rusiyanın səylərini itkilərin yerinin doldurulmasına, başqa ölkələrdən muzdluların cəlb edilməsinə, maddi-texniki təminatla bağlı problemlərin həllinə yönəltdiyi qeyd edilib:
“Rusiyanın Smolensk və Belarusun Qomel və Bobruisk şəhərlərində muzdlu döyüşçülərin hazırlanması mərkəzlərinin təşkili ilə bağlı məlumat bundan əvvəl də yayılıb”.
Məlumata görə, rus ordusu Volın istiqamətində Ukrayna-Belarus dövlət sərhədini nəzarətdə saxlayan dəstələrini ora dislokasiya edib. Baş Qərargah onu da bildirib ki, Belarus tərəfinin də əməliyyatlara cəlb etməyə yönəlmiş təxribatların olma ehtimalı yüksəkdir.
Baş Qərargahın məlumatında deyilib:
“Düşmən Polissya istiqamətində Quta-Mejixirska və Lyutijdə qoşunlarımızın müdafiəsini yarıb keçmək üçün uğursuz cəhd edib. Eyni zamanda, düşmən Makarovu ələ keçirə bilməyib.
Rus qoşunları şimal istiqamətində qüvvələrinin sayını artırmağa, Çerniqovda hücumu bərpa etmək üçün maddi-texniki təchizat təşkil etməyə çalışır.
Slobojanski istiqamətində Sumı və Xarkovun mühasirəsi düşmənin əsas hədəfi olaraq qalır.
İşğalçılar Donetsk və Tavriya istiqamətlərində - Lisıçanskda uğur qazana bilməyib, itkilər verib geri çəkiliblər. Düşmən Rubijne şəhəri ətrafında möhkəmlənməyə çalışır. Aviasiya və artilleriyanın dəstəyi ilə Mariupola iki istiqamətdə hücumu davam etdirir.
Düşmən cənub istiqamətində aktiv deyil, əvvəllər tutduğu mövqelərdə möhkəmlənməyə çalışır.
Əsas fəaliyyət istiqamətlərində uğur qazana bilməyən Rusiya qoşunları beynəlxalq humanitar hüququ pozaraq mülki obyektlərə, mülki şəxslərə və mühüm infrastruktur obyektlərinə raket və hava zərbələri endirməkdə davam edir.
Təcavüzkarın mənəvi-psixoloji durumu aşağı olaraq qalır ki, bu da Rusiya komandanlığına cari itkilərin yerini vaxtında doldurmağa və ukraynalı qüvvələr tərəfindən məğlub edildiyi ərazilərdə qruplaşmanı gücləndirmək üçün əlavə problemlər yaradır”.