Rusiya danışıqların uğuru naminə Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi azaltmağa söz verib.
Teleqraf.com xəbər verir ki, bunu İstanbulda aparılan danışıqların iştirakçısı, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
O qeyd edib ki, İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ilk gününün yekunlarına əsasən, Müdafiə Nazirliyi Çerniqov və Kiyev istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaltmaq barədə qərar qəbul edib.
“Rusiya Müdafiə Nazirliyi qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün şərait yaratmaq və müqavilənin razılaşdırılması və imzalanması kimi son məqsədə nail olmaq üçün Kiyev və Çerniqov istiqamətlərində hərbi fəaliyyəti bir neçə dəfə kökündən azaltmaq qərarına gəlib”, - deyə Fomin bildirib.
O, əlavə edib ki, Rusiya tərəfi müvafiq əsas qərarların Kiyevdə qəbul ediləcəyi və gələcək normal iş üçün şərait yaradılması prinsipindən çıxış edir.
“Ukrayna Cenevrə Konvensiyasına əməl etməlidir, o cümlədən hərbi əsirlərlə humanist rəftarla bağlı”, - deyə Rusiya müdafiə nazirinin müavini sözünə davam edib. “Biz hərbi əsirlərimizə tətbiq edilən işgəncə praktikasını tamamilə istisna etməyə çağırırıq. Biz Ukrayna tərəfini bu praktikanı aradan qaldırmaq üçün hərtərəfli tədbirlər görməyə çağırırıq”, - deyə o vurğulayıb.