NATO-ya üzv olmaq niyyətini açıqlayan İsveç və Finlandiya digər yandan da Rusiyanın mümkün işğalına hazırlaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, artıq Finlandiya mümkün müharibə vəziyyətində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sığınacaqların hazır olduğunu açıqlayıb.
Bəzi sığınacaqlarda idman zalları da var.
İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “Daily Telegraph” sığınacaqlara daxil olaraq lüks yaşayış yerlərini araşdırıb.
Paytaxt Helsinkidə bir sığınacağa girən ingilis jurnalistlər orada uşaqlar üçün oyun meydançaları, hovuzlar və istirahət yerlərinin olduğunu yazıblar.
Sığınacaqların nüvə, bioloji və kimyəvi hücumlara davamlı və təkcə Helsinkidə 900 mindən çox insan tutumuna malik 5500 sığınacağın olduğu qeyd edilib.
Finlandiyada 54 min fərqli nöqtədə 4.4 milyon tutumlu sığınacaqların olduğu bildirilib. İngilis nəşri sığınacaqların rəngli divarlarına da diqqət çəkib və qanunla 1200 kvadratmetrdən böyük binalar üçün sığınacaq tələbinin olduğunu xatırladıb.
Həmçinin qeyd olunub ki, əvvəllər Rusiya ilə döyüşən Finlandiyada bütün körpülər, tunellər və keçidlər müharibə vəziyyətində məhv edilə biləcək formada tikilib.