13 May 2022 14:20
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən ölkə həm siyasi, həm də iqtisadi baxımdan ciddi böhran yaşayır. Hücumlardan sonra bir çox rus oliqarxının ölümü bütün dünyada, xüsusən də Rusiyaya sanksiya tətbiq edən Qərbdə böyük doğurur.

Teleqraf.com xəbər verir ki, həyatını itirən oliqarxlar Rusiyanın neft-qaz sektorunun önəmli simaları olduqları üçün diqqət çəkir.

İntihar edən və ya ölən bəzi oliqarxlar Kremlə yaxınlığı ilə tanınırlar. Ölən oliqarxların çoxunun enerji şirkətlərinin rəhbər şəxsləri olması isə şübhələri bir qədər də artırır.

İntihar iddiası

Fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan bir qədər əvvəl ilk ölüm xəbəri Rusiyanın “Qazprom” neft şirkətinin rəhbər şəxslərindən biri Leonid Şulmandan gəldi. 60 yaşlı Şulmanın Leninski rayonundakı 500 min dollarlıq 3 mərtəbəli bağ evinin otağında intihar etdiyi açıqlanıb. Şulmanın evində tapılan qeyddə ayağındakı ağrılar səbəbindən yaşadığı çətinliklərdən danışdığı bildirilib. Şulmanın həyat yoldaşından 1 il əvvəl ayrıldığı, övladı və ailəsi ilə ayrı həyat sürdüyü deyilib.

Yoxa çıxan ailə

Rusiyanın Ukraynaya hücumundan bir ay sonra Nijni Novqorod şəhərində fəaliyyət göstərən “MedStom” tibb şirkətinin 43 yaşlı sahibi Vasili Melnikovun 41 yaşlı həyat yoldaşı, 10 və 4 yaşlı uşaqlarını öldürdükdən sonra intihar etdiyi bildirildi. Rusiyanın ən böyük şirkətlərindən biri olan, ötən il 208 milyon dollardan çox gəlir əldə edən “MedStom”un sahibi Melnikovun sakit həyat yaşadığı, spirtli içki, siqaret və narkotik vasitələrdən istifadə etmədiyi deyilib.

Melnikovun Nijni Novqorod şəhərində rus zənginləri üçün tikilmiş küçədə yerləşən evində əvvəlcə arvadını və uşaqlarını tapança və bıçaqla öldürdüyü, daha sonra isə silahla özünü vuraraq intihar etdiyi açıqlanıb. Amma Qərb mediası intihar xəbərinə şübhə ilə yanaşdı, bunun arxasında Rusiya kəşfiyyatının olduğunu iddia etdi.

Daha bir müəmmalı ölüm

2000-ci illərin əvvəllərindən İngiltərədə yaşayan Ukrayna əsilli rus oliqarx Mixail Uotfordun Surreydəki evində özünü asdığı bildirildi. İngiltərə polisi neft emalı və təbii qaz şirkətinin sahibi Uotfordun ölümünü “şübhəli” adlandırıb. Amma böyük sərvət sahibi olan Uotfordun dəqiq ölüm səbəbi ilə bağlı məlumat verilməyib. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin əvvəlində var-dövlətinə böyük sərvət qatan Uotfordun ölümündən sonra çoxlu fərziyyələr ortaya atılıb.

Başqa bir ailə dəhşəti

Mixail Uotfordun ölümündən az sonra digər rus oliqarxları kimi energetika sənayesində özünü tanıtmış başqa bir məşhur simanın vəfat etdiyi açıqlandı. Aprelin 19-da Rusiyanın “Qazprom”un keçmiş icraçı direktoru, Putinə yaxınlığı ilə tanınan oliqarx Vladislav Avayevin Moskvadakı evində dəhşətli hadisə baş verib. İddiaya görə, Avayev 47 yaşlı həyat yoldaşı Yelenanı, daha sonra isə 13 yaşlı qızı Mariyanı tapança ilə güllələdikdən sonra intihar edib. “Qazprom”dan ayrıldıqdan sonra “RT-Carbon” adlı şirkət açan Avayevin intiharı və ya qətli ilə bağlı Rusiya polisi heç bir açıqlama verməsə də, xanımının oliqarxa sürücüsü ilə xəyanət etdiyi iddia edilib.

Başqa bir iddiaya görə, Avayev Yelena ilə 13 yaşlı qızının gələcəyi ilə bağlı tez-tez mübahisə edib və bunun nəticəsində iş adamı əsəb gərginliyi keçirərək əvvəlcə ailə üzvlərini, sonra isə özünü öldürüb. Üçüncü iddiaya görə, Rusiyanın Ukraynadakı əməliyyatlarını tənqid edən Avayev və ailəsi Rusiya kəşfiyyatı tərəfindən qətlə yetirilib.

Fyodora verilən qorxunc xəbər

Rusiyalı oliqarxların ölüm xəbərinin daha bir ünvanı İspaniya olub. 55 yaşlı rusiyalı iş adamı Sergey Protosenya və ailə üzvləri aprelin sonlarına yaxın Girona əyalətinin Lloret De Mar qəsəbəsindəki lüks villasında ölü tapılıb. 1997-2015-ci illərdə Rusiyanın “Novatek” enerji şirkətinin rəhbəri vəzifəsində çalışmış Protosenya daha sonra təqaüdə çıxıb və ailəsi ilə birlikdə Fransanın cənubunda aldığı malikanədə yaşayıb. Pasxa bayramı üçün İspaniyada tətil edən ailəsi ilə əlaqə saxlaya bilməyən Protosenyanın 22 yaşlı oğlu Fyodor ispan polisinə zəngindən sonra aldığı xəbərdən dəhşətə gəlib. İddiaya görə, Sergey Protosenya arvadı və qızını balta ilə öldürüb, sonra isə özünü asaraq intihar edib. İspan polisi bu şübhəli hadisə ilə bağlı məxfilik qərarı verərkən, 400 milyonluq sərvəti olan Protosenya və ailəsinin ölümü həm Rusiya, həm də İspaniyada rus kəşfiyyatı ilə bağlı fərziyyələrə səbəb olub. Fyodor da baş verənlərə görə Rusiya kəşfiyyatını hədəfə alıb.

Lyakişevin ölümü

Moskvada Rusiyanın ən məşhur restoran şəbəkələrindən biri olan “Karavaev Brothers”in 45 yaşlı qurucusu Vladimir Lyakişev çoxmərtəbəli binanın damında ölmüş halda tapılıb. Lyakişevin arvadı əri ilə spirtli içki qəbul etdikdən qısa müddət sonra evi tərk etdiyini, ərinin isə 2 saatdan sonra güllələnmiş vəziyyətdə tapıldığını açıqlayıb. O ifadəsində bildirib ki, Lyakişev əvvəllər dəfələrlə etdiyi kimi, çardağa çıxaraq dostuna zəng edib və özünü öldürəcəyini deyib. Dostunun Lyakişevi intihardan çəkindirməyə çalışdığını söyləyən oliqarxın xanımı telefonu qapatdıqdan sonra intihar etdiyini iddia edib. Həyat yoldaşı ərinin son vaxtlar spirtli içkiyə qurşandığını və çardaqdan tapılan silahın üzərində Lyakişevdən başqa heç kimə məxsus barmaq izinin olmadığını deyib. Lyakişevin ölümü “intihar” kimi qeydə alınıb.

Qurbağa zəhəri

Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl”un keçmiş rəhbəri Aleksandr Subbotinin mayın 10-da ürək tutmasından vəfat etdiyi açıqlanıb. Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, 43 yaşlı milyarder alkoqol detoksuna görə şamanlardan dəstək alıb. Bu zaman Subbotin qurbağa zəhəri ilə müalicə olunub. Ancaq şamanların bir müddət sonra infarkt keçirən Subbotinə bitkilərdən hazırlanmış ağrıkəsici qarışığı verdiyi, amma Aleksey Pindyurin və Kristina Teyxrib adlı iki şamanın səhər saatlarında onu ölü tapıldığı bildirilib. Aleksandr Subbotinin ölümünün səbəbi ürək dayanması kimi qeydə alınıb. Lakin Rusiya ictimaiyyəti hələ də buna inanmır, bəzi media mənbələri şamanların rus oliqarxı peşəkarcasına öldürdüyünü iddia edirlər. Şamanlar isə ondan pul almadıqlarını, Subbotinlə dost olduqlarını deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər