Ukrayna ordusu əks-hücuma keçdikdən sonra Rusiya hərbi qüvvələri Xarkov ətrafındakı mövqelərindən tamamilə geri çəkilmək qərarına gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Məlumata görə, rus qüvvələri son bir neçə gün ərzində əks-hücum edən Ukrayna qoşunlarına qarşı mövqelərini saxlamağa çalışıblar. Son əks-hücum əməliyyatlarından sonra isə ruslar geri çəkilməyə başlayıblar. Şəhər yaxınlığındakı mövqelərindən çıxan rus qüvvələrinin Rusiyaya qayıtdıqları bildirilib.
İnstitut Ukraynanın Xarkov uğrunda döyüşlərdə Rusiyaya qalib gəldiyini iddia edib.
“Ukrayna qüvvələri Kiyevdə olduğu kimi, rus qoşunlarına Xarkovu ələ keçirmək bir yana, mühasirəyə almağa imkan vermədi, sonra isə onları şəhərdən qovdu”, - məlumatda vurğulanıb.
Ukrayna Silahlı Qüvvələrinin Belqorod və İzyum ətrafında cəmləşmiş rus qoşunları qarşı da əks-hücuma keçə biləcəyi deyilib.
Rus qoşunlarının İzyumdan hücum cəhdinin də dəf edildiyi qeyd olunub. Ruslar Donetsk ətrafında hücuma cəhd etsə də, irəliləyişə nail ola bilməyib.