16 May 2022 10:31
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynadakı müharibədə yayın sonuna qədər məğlub olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropa Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodces deyib.

General Rusiya-Ukrayna müharibəsinin bölgə ölkələrinə təsirlərini şərh edib:

“Rusiyanın İsveç və ya Finlandiyanı işğal etmək gücü və ya imkanı yoxdur. Onsuz da Ukraynanın öhdəsindən çətinliklə gəlirlər. Rusiya yayın sonuna qədər Ukraynada məğlub olacaq. Mənim proqnozuma görə, Ukrayna ordusu sentyabra qədər Rusiya qüvvələrini fevralın 23-dək olan xəttə qədər sıxışdıracaq. Bundan sonra bütün əraziləri, o cümlədən, Krım və Donbasın geri qaytarılması üçün uzunmüddətli prosesə fokuslanmalıyıq”.

Hodces Türkiyənin bu prosesdəki roluna da diqqət çəkib:

“Türkiyə Krımın ilhaqını heç vaxt tanımayıb. Bu, çox vacibdir. Bu, Türkiyənin bölgədəki liderliyinin mühüm nümunəsidir. Amma Rusiya Finlandiya və İsveçi təhdid edəcək. Ruslar bu ölkələrə hərbi yolla cavab verə biləcəklərini deyiblər. Amma İngiltərə artıq iki ölkə ilə qarşılıqlı müdafiə sazişləri imzalayıb. Finlandiya da onillərdir Rusiyanın mümkün işğalına hazırlaşır. Finlər dünyanın ən yaxşı səfərbərlik sisteminə sahibdirlər. Onların çox güclü daimi ordusu var. Rusiya hədələyə bilər, amma prosesi dayandıra bilməz”.

General ABŞ hökumətini Türkiyəyə “F-16” qırıcılarını satmağa çağırıb:

“Düşünürəm ki, F-16 məsələsi dərhal həll edilməlidir. İstənilən halda, bu günün sonuna qədər həll oluna bilər. Bayden administrasiyası hərəkətə keçməli, Senat və Xarici Əlaqələr Komitəsi birgə işləməlidir. Məncə, müqavimətin bir hissəsi bu komitədən gəlir. Bu məsələ açıq şəkildə həll olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu