Tacikistan hakimiyyəti Dağlıq Bədəxşan Muxtar Vilayəti əhalisinin narazılığını silah gücü ilə yatırmaq cəhdi regionda gərginliyi daha da artırıb.
Teleqraf.com xəbər verir ki, Düşənbə antiterror əməliyyatı adı altında etirazları yatırmaq istəyir.
Qeyd edək ki, teleqram kanallarının məlumatına görə, Dağlıq Bədəxşan Muxtar Vilayətində hərbçilərlə toqquşma zamanı aksiyanın 11 iştirakçısı həlak olub, çoxlu sayda yaralı var.
Ruşan rayonunda Tacikistan Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması barədə də məlumat yayılıb. Bəzi məlumatlara görə, helikopter Əfqanıstandan atılan raketlə vurulub, lakin Taliban bu məlumatı təkzib edib.
Mayın 18-də Tacikistanın Daxili İşlər Nazirliyi Dağlıq Bədəxşan Muxtar Vilayətində (GAMB) antiterror əməliyyatına başlandığını elan edib. Antiterror əməliyyatının elan edilməsinə səbəb etiraz edən rayon sakinlərinin Düşənbə-Kulma magistral yolunu blokadaya alması olub.
Tacikistan hökuməti bəyan edib ki, muxtar vilayətin sakinləri beynəlxalq terror təşkilatlarının dəstəyi ilə ölkə hüdudlarından kənarda silah və sursat alıb, həmçinin terror aktları və digər təxribat formaları həyata keçirmək üçün xarici muzdluları prosesə cəlb ediblər.
Qeyd edək ki, etirazlara səbəb olan faktorlardan biri Tacikistanda hakimiyyətin atadan oğula - İmaməli Rəhmandan Rüstəmə ötürülməsidir.
Bu arada bölgədə etirazlar daha da şiddətlənib. Əhali soyuq silahlara sarılaraq küçələrə çıxıb. Yaxın günlərdə ölkədə siyasi böhranın daha da dərinləşəcəyi gözlənilir.