Ukrayna Silahlı Qüvvələri kritik silahları əldə etdikdən sonra, təxminən iyul ayına qədər Rusiyanın işğal etdiyi əraziləri azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başlaya biləcək.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.
Onun fikrincə, hazırda Ukrayna müdafiə qüvvələri şərq bölgələrində rus ordujsunun irəliləmə tempini zəiflədib və bir çox istiqamətlərdə isə mümkünsüz edib.
Musienko əlavə edib ki, Ukrayna ordusunun əks-hücumu üçün şərait yaradılır:
“Növbəti mərhələ budur ki, rusların bütün istiqamətlərdə, xüsusən də şərqdə irəliləməsinə mane olmağa çalışacağıq və əks-hücum üçün kritik silah əldə edəcəyik. Ruslar bundan sonra tamamilə müdafiə mövqeyinə çəkilməyə məcbur olacaqlar”.
Ekspertin fikrincə, tələb olunan həcmdə silah tədarük edilsə, Ukrayna qüvvələrinin irimiqyaslı əks-hücumu təxminən iyul ayına kimi başlaya bilər.