Türkiyə Silahlı Qüvvələri Egey bölgəsində “Efes 2022” hərbi təlimini keçirəcək.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstan və ABŞ daxil olmaqla 37 ölkənin hərbi qulluqçuları quru və dənizdə birgə əməliyyatlar, eləcə də eniş vərdişləri üzrə məşq edəcəklər.
Manevrlərə İtaliya freqatı, Liviya Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi, Ch-53 helikopterləri, haubitsalar, zirehli texnikalar və ABŞ Silahlı Qüvvələrinin desant gəmisi və digər texnikalar cəlb olunacaq.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Doğanbəy poliqonunda (Seferihisar, İzmir) təşkil olunacaq və iyun ayının ikinci həftəsində keçiriləcək Müşahidəçilər Günü ilə yekunlaşacaq.
Təlimlərdə dünyanın 37 ölkəsindən mindən çox xarici hərbçi iştirak edəcək.
Efes 2022 Ege bölgəsindəki ən böyük birgə təlimdir.
Türkiyə Silahlı Qüvvələrini də nəzərə alsaq, təlimlərdə iştirak edəcək şəxsi heyətin sayı 10 min nəfərə çatacaq.
2016-cı ildə Efes təlimlərində 8 ölkə, 2018-ci ildə 20 ölkə iştirak edib. Bu ilki təlimlər tarixdə ən böyük təlim olacaq, çünki iştirakçı ölkələrin sayı 40-a yaxınlaşıb.
Hədəflər yerdən atəşə dəstək maşınları, döyüş təyyarələri və hücum helikopterləri ilə vurulacaq.
Proqramına xüsusi təyinatlı bölmələrin də manevrləri daxil olan təlimlər çərçivəsində gəmidən hədəfləri vurma, havada yanacaq doldurma və döyüş axtarış-xilasetmə imkanları nümayiş etdiriləcək.
Təlimləri 20-dən çox ölkənin müdafiə nazirləri, qərargah rəisləri və qüvvələr komandirlərinin müşahidə edəcəyi gözlənilir.