İsrail Baş naziri Naftali Bennet İranın nüvə enerjisi proqramı ilə bağlı dünyaya yalan danışdığını deyib.
Teleqraf.com xəbər verir ki, Bennet İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İsraili yalan danışmaqda ittiham etməsinə cavab verib.
Videomüraciətində əlində bir neçə kağız tutan Bennet bildirib: “Yalan yayırıq? Bax, mən sənin yalanlarının sübutunu əlimdə tuturam”.
İsrail baş naziri əlavə edib:
“Görürsən ki, İran atom agentliyindən məxfi sənədləri oğurladıqdan sonra onlar bu məlumatdan atom agentliyinin nəyə nail olmaq istədiyini öyrənmək üçün istifadə etdi. Sonra əfsanələr uydurdular və özlərini xilas etmək üçün nüvə araşdırmaları ilə bağlı dəlilləri gizlətdilər”.
Bennet əlindəki kağızları göstərərək qeyd edib: “Yaxşı, biz bunu haradan bilirik? Çünki bir neçə il əvvəl İranın hiyləgər planını ələ keçirdik. Və o, burada, mənim əlimdədir”.
İsrail baş naziri çıxışına belə davam edib:
“Burada İran Kəşfiyyat Nazirliyinin möhürü vurulmuş fars dilində yüzlərlə səhifə var. Sənədlərdə hətta İranın yüksək rütbəli şəxslərinin əlyazma qeydləri də yer alır. Bunlardan biri o vaxtkı müdafiə naziri tərəfindən Fəxrizadəyə yazılıb. O yazır: “Gec-tez (Atom Agentliyi) bizdən soruşacaqlar, onlar üçün hərtərəfli hekayə uydurmalıyıq.
Görürsünüz, uydurmalardan danışır. Budur o uydurma hekayə. İran dünyaya yalan danışıb, İran indi yenidən dünyaya yalan danışır və dünya əmin olmalıdır ki, İrana cavab veriləcək”.