1 İyun 2022 11:37
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, amerikalı rəsmi Türkiyənin Rusiya-Ukrayna müharibəsini bitirmək və Ukraynadan ərzaq ixracını asanlaşdırmaq üçün diplomatik səylərini dəstəklədiklərini deyib.

Prays səfərdən xəbərdar olduqlarını qeyd edib:

“Türk müttəfiqlərimizin bu müharibəyə son qoymaq, ilk növbədə zorakılığı azaltmaq və eyni zamanda Ukrayna buğdası da daxil olmaqla, ərzaq məhsullarının ixracını asanlaşdırmaq yollarını tapmaq üçün göstərdikləri diplomatik səyləri başa düşürük və güclü şəkildə dəstəkləyirik”.

Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil edilməsinə etirazı ilə bağlı danışıqlardan hər hansı bir nəticənin əldə edilib-edilməməsi ilə bağlı suala isə Prays ABŞ dövlət katibi Entoni Blinkenin finlandiyalı həmkarı ilə görüşdüyünü və alyansın baş katibi Yens Stoltenberqin də Helsinkiyə gedəcəyini söyləyib.

Türkiyənin bu iki ölkəyə etirazının birbaşa Ankara ilə Vaşinqton arasındakı ikitərəfli məsələ olmadığını deyən Prays bunun Ankara, Helsinki və Stokholmla yanaşı NATO-nun yüksək rütbəli rəsmilərinin də müzakirə etdiyi bir məsələ olduğunu vurğulayıb.

Prays ABŞ-ın bu mövzuda Türkiyə ilə məsləhətləşmələrini davam etdirəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər