1 İyun 2022 13:51
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Amerika lideri bu barədə “Nyu-York Tayms” üçün yazdığı məqalədə bildirib.

Bayden ABŞ-ın Ukraynaya verdiyi silahlarla bu ölkənin əlini danışıqlar masasında gücləndirməyi hədəflədiyini qeyd edib: “Bu səbəbdən Ukraynaya cəbhədəki hədəflərini daha dəqiq vura biləcək qabaqcıl raket sistemləri və sursatlar verməyə qərar verdim”.

ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə, eyni zamanda, Ukraynaya tank əleyhinə “Javelin” raketləri, “Stinger” zenit raketləri, radar sistemləri, PUA və “Mi-17” kimi qabaqcıl silahları göndərməyə davam edəcəklərini vurğulayıb.

Bayden rusiyalı həmkarının ABŞ tərəfindən devrilməsi ehtimalına da toxunub:

“NATO və Rusiya arasında müharibənin başlaması üçün çalışmırıq. Cənab Putinlə nə qədər razılaşmasaq və onun davranışlarını zorakılıq kimi qiymətləndirsək də, Birləşmiş Ştatlar onu devirməyə çalışmayacaq. ABŞ və ya onun müttəfiqlərinə qarşı hücum olmadıqca, Amerika qoşunlarını Ukraynaya göndərərək, ya da Rusiya qüvvələrinə hücum edərək bu qarşıdurmaya qarışmayacaq.

Ukraynanın sərhədlərindən kənara hücum etməsini dəstəkləmirik və buna kömək etmirik. Rusiyanın əziyyət çəkməsi üçün bu müharibənin uzanmasını istəmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər