1 İyun 2022 23:36
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmayıli 75-ci Kann Film Festivalında mükafat alan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək” filmində iştirak edən iranlıların cəzalandırılacağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra festivalda “Ən yaxşı qadın rolu” mükafatını qazanan filmlə bağlı jurnalistlərə açıqlama verib.

İran Kino Qurumunun ötən günlərdə “milli və dini dəyərlərin təhqir edildiyi” səbəbi ilə reaksiya verdiyi filmlə bağlı İsmayıli bunları deyib:

“Bu film İordaniyada çəkilib və filmin baş rol ifaçıları xaricdə yaşayırlar. Onların İrandan lisenziyaları yoxdur.Varsa, mütləq kino qanunu ilə cəzalandırılacaqlar”.

Nazir Kann festivalında iştirak edən “Leylanın qardaşları” adlı İran filminin ölkədə qadağan olunması ehtimalı ilə bağlı söyləyib:

“Kino haqqında qanuna görə, xarici ölkələrdə festivallara qatılacaq filmlər ekran icazəsi almalıdır. Bu film bu icazəni almayıb. Filmlə bağlı lazımi araşdırma aparılacaq”.

İranlı ssenarist Əli Abbasinin 2000-2001-ci illərdə Məşhəddə Səid Hənayi adlı bir seriya qatilinin 16 fahişəni öldürdüyü olaydan təsirlənərək çəkdiyi filmin baş rollarını Mehdi Bəcəstani və Zəhra Əmir İbrahimi canlandırıb. İordaniyada çəkilən filmin rejissor kürsüsündə Əli Abbasi əyləşib.

Aktrisa İbrahimi Kann festivalında “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

İranın Mədəniyyət Nazirliyinə bağlı Kino Qurumu “milli və dini dəyərləri təhqir etmək” səbəbi ilə “Müqəddəs hörümçək” filmini mükafatlandıran Kann Film Festivalını qınayıb. Açıqlamada sözügedən filmin siyasi səbəblərdən mükafatlandırıldığı iddia edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər