3 İyun 2022 14:40
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaş müharibəsinin ilk dövründən Suriyada həm mülki əhalinin təhlükəsizliyi, həm də sərhəd təhlükəsizliyi əsasında təhlükəsizlik zonaları yaratmağı təklif etmişdi. Beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT-nin laqeydliyi ucbatından Türkiyə silsilə hərbi əməliyyatlarla sərhəd zolağındakı terror təhlükələrini aradan qaldırdı. Daha sonra Hələb, İdlib, Həma, Raqqa və Latakiya istiqamətlərində 6 milyondan çox suriyalı qaçqının təhlükəsizliyini təmin etdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzetinin məqaləsində bildirilib.

Nəşrə açıqlama verən diplomatik mənbə deyib:

“Qlobal aktorların İraqda göstərdikləri təhlükəsiz məkan həssaslığını Suriya xalqından əsirgəməsi qırğının dozasını artırdı. Bu, həm Türkiyəni sərhəddə genişlənən terror silahı, digər yandan isə qaçqın təzyiqi ilə çətin durumda saxlamağı hədəfləyən plan idi. Ancaq Türkiyə öz göbəyini özü kəsdi və addım-addım öz təhlükəsizlik dəhlizini qurdu. Həyata keçiriləcək son əməliyyat Suriyada yeni dövrün başlanğıcı olacaq”.

Türkiyəni cənubdan təhdid edən PKK terroruna qarşı iki ölkə arasında ilk hərtərəfli razılaşma 1998-ci ildə Adana razılaşması olub. Türkiyənin Suriyada 5 kilometr dərinlikdə fəaliyyət göstərməsinə icazə verən müqavilə vətəndaş müharibəsi zamanı artan təhlükə səbəbindən Ankara tərəfindən 30 kilometrə çatdırılıb. Astanada başlayan və Soçidə davam edən danışıqlarda Türkiyə bu israrını davam etdirərək, İdlibdə 65 kilometr dərinliyə çatan nöqtələrdə hərbi bazalar qurub.

Soçidə əldə edilən razılaşmadan sonra İdlib-Ləzgiyə-Hama dəhlizində birgə patrul əməliyyatları dövrü başlayıb. Sərakib-Turambadan başlayan patrul xidməti bəzi maneələrə və zaman-zaman hücumlara baxmayaraq davam edib. M4 avtomobil yolunun Hələb-Latakiya marşrutunda Türkiyə və Rusiya hərbi konvoylarının patrul xidməti həyata keçirilib.

Digər tərəfdən, Türkiyənin ABŞ-la ilk birgə patrulu 2018-ci il noyabrın 1-də Menbiçdə başlayıb. Amma sonradan bu, Amerika qüvvələrinin qısa müddətdə ruslara təhvil verdiyi Mənbiç, Ayn İsa, Əbu Rasin, Ayn əl-Ərəb, Qamışlı və Təl Rıfat kimi PKK-nın işğal etdiyi yaşayış məntəqələrində Rusiya ilə birlikdə həyata keçirilib. M4 avtomobil yolunun şərq hissəsində, xüsusilə Ayn İsa və ətrafında birgə patrul əməliyyatları aparılıb.

Mənbiç və Təl-Rıfatın terrorçulardan təmizlənməsi ilə Türkiyənin 35 kilometrlik təhlükəsizlik zolağı hədəfinə böyük ölçüdə nail olunub. Bu zolaqlar bəzi yerlərdə 35-40 kilometrə çatır. Prezident Rəcəb Tayyib Ərdoğanın mərhələli şəkildə davam edəcəyini söylədiyi əməliyyatların məqsədi Rəsulayn və Malikiyyə arasındakı 300 kilometrlik xəttin azad edilməsidir. Rəsmi mənbələr sərhədlərin təmizləndikdən sonra yeni terror zonalarının yaradılmaması üçün bütün diplomatik kanallardan istifadə edildiyini, PKK və bu kimi terror təşkilatlarına yeni müqavimət məntəqələrinin ayrılmasına icazə verilməyəcəyinin bütün tərəfdaşlara çatdırıldığını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər