10 İyun 2022 16:40
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.

Teleqraf.com xəbər verir ki, komitə sədri Səməd Seyidov Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən söz açıb, bu münasibətlərin hər iki tərəfin maraqları əsasında qurulduğunu və qarşılıqlı etimada söykəndiyini qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu münasibətlərə böyük önəm verdiklərini diqqətə çatdırıb.

Aİ ölkələri ilə ticarət əlaqələrindən danışan komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsinin Aİ üzvü olan ölkələrin payına düşdüyünü vurğulayıb.

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks Azərbaycana bundan əvvəlki səfərini xatırlayıb, ölkəmizdə sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dayanıqlı xarici siyasəti, Avropanın enerji təhlükəsizliyində iştirakı, Avropa üçün etibarlı tərəfdaş olması ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişin hazırlığı barədə məlumat verib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər