11 İyun 2022 19:55
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar Pradeş ştatının müxtəlif yerlərində müsəlman nümayişçilərin keçirdiyi etirazlar zamanı polislə toqquşmalar baş verib.

Teleqraf.com xəbər verir ki, son illərin ən ciddi dinlərarası gərginliyi kimi qiymətləndirilən nümayişlər günlərdir səngimir.

Hindistanda müsəlmanların cəmləşdiyi bölgələr çoxsaylı etirazlara səhnə olur. Eləcə də Uttar Pradeş ştatının müxtəlif yerlərində keçirilən nümayişlər zamanı 100-dən çox adam saxlanılıb.

Vəziyyəti nəzarətə almaq üçün müdaxilə edən polis qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə etməli olub. Polisin açdığı atəş nəticəsində azı iki nümayişçi həlak olub.

Müsəlman nümayişçilər Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham etdikləri Nupur Şarmanın həbsini tələb edirlər.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modinin "Bharatiya Janata" Partiyasının (BJP) sözçüsü Nupur Şarmanın keçən ay bir televiziya kanalında Məhəmməd peyğəmbərlə bağlı dediyi sözlər ölkədə böyük gərginliyə və diplomatik böhrana səbəb olub. BJP isə Şarmanın sözlərinin nə partiyanın, nə də Hindistan hökumətinin fikirlərini əks etdirdiyini bildirib. Şarma və partiyanın media rəhbəri Nevin Kumal Cindal da vəzifələrindən uzaqlaşdırılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər