14 İyun 2022 21:08
2 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı yeni əməliyyat mesajından sonra bölgədən isti xəbərlər gəlməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, terror təşkilatlarının liderləri və Əsəd rejimi Türkiyəni təhdid edərkən, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya Suriyadan qoşunlarını çıxarmağa başlayıb.

Suriyadakı qoşunlarını Ukrayna cəbhəsinə göndərən Rusiya bəzi bölgələrdən geri çəkilməyə qərar verib. Bunlardan biri də PKK/YPG-nin işğal etdiyi Təl-Rıfatdakı düşərgəsidir. Sözügedən ərazidəki qərargahı boşaldan Rusiya qüvvələri Hələbə çəkilib. “Al Kuds Arabia” qəzetinin iddiasına görə, bundan sonra Türkiyə və Rusiya arasında aparılan danışıqlarda PKK-nın Təl-Rıfat və Mənbiçdən çıxarılması və rejim qüvvələrinin ora yeridilməsi müqabilində türk ordusunun əməliyyatının ləğv edilməsi məsələsi müzakirə edilib.

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Koel Reybörn isə iddia edib ki, Türkiyə YPG/PKK-ya qarşı əməliyyata başlasa, Konqres və Bayden hökumətinin buna reaksiyası ciddi olacaq. Onun sözlərinə görə, Vaşinqtonda heç kim vəziyyətin daha da pisləşməsini istəmir. Amma Ankaranın geri çəkilməyəcəyini deyən Reybörn türklərin öz mövqelərində qərarlı göründüklərini deyib.

Son məlumata görə, ABŞ Türkiyənin əməliyyat aparacağı bölgədən qoşunlarını geri çəkməyə başlayıb.

Digər tərəfdən, PKK terrorçularının geri çəkildiyi bəzi yerlərə rejim qüvvələri gəlməyə başlayıb. Amma Ayn İsaya girən rejim ordusu İŞİD terror təşkilatının hücumuna məruz qalıb. Suriya ordusu bundan sonra geri çəkilərək Homsa qayıdıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər