15 İyun 2022 21:48
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin iyulda bölgəyə səfəri zamanı İsrailin Yaxın Şərqə inteqrasiyasını gücləndirmək üçün atılacaq bəzi addımlar açıqlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennetin ofisindən verilən açıqlamada bildirilib.

Baydenin Yaxın Şərqə ilk səfərinin 13-16 iyul tarixlərində Səudiyyə Ərəbistanı, İsrail və Fələstinə olacağı deyilib.

Səfər zamanı İsrailin bölgədə etimad və sabitliyə sadiqliyi ilə yanaşı, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarının da müzakirə ediləcəyi bildirilib.

Açıqlamada təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması üçün İsraillə ABŞ arasındakı ittifaqı yeni müstəviyə çıxaracaq bəzi razılaşmaların olacağı vurğulanıb.

Digər tərəfdən, İsrail dövlət televiziyası Baydenin səfəri zamanı İsraillə Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri arasında görülməmiş təhlükəsizlik əməkdaşlığının elan oluna biləcəyini iddia edib.

İranın bölgəyə təhdidlərinə qarşı Səudiyyə və digər ərəb ölkələri ilə təhlükəsizlik forumu təşkil etmək üçün kommunikasiyaların olduğuna diqqət çəkən İsrail televiziyası Baydenin Təl-Əviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanından birbaşa Ər-Riyada uçacağını bildirib.

Səudiyyə Ərəbistanı hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu